«Şahdəniz-2»nin işçiləri etiraza qalxdı

Foto arxiv. «McDermott» şirkətində çalışanların etirazı - 2005

-

«Şahdəniz-2» layihəsi çərçivəsində tikinti-quraşdırma işləri aparan «Tekfen-Azfen» alyansının fəhlələri oktyabrın 26-da iş saatı başa çatdıqdan sonra etiraz aksiyası keçiriblər.

Aksiyada 3 minədək insanın iştirak etdiyi bildirilir. İşçilər rəhbərliyin onlara münasibətindən, iş şəraitinin pis olması və iş saatının normanı aşmasından narazıdırlar.

Bu haqda AzadlıqRadiosuna aksiyanın iştirakçıları məlumat verib.

Aksiya dağıdılarkən işçilərdən xəsarət alanların olduğu və şirkətə məxsus avtomobillərə ziyan dəydiyi bildirilir.

TEKFEN-dən dedilər ki, bu barədə birinci dəfədir eşidirlər.

AZFEN- in kadrlar şöbəsindən isə özünü təqdim etməyən xanım belə cavab verdi: «Bütün tələblər nəzərə alınacaq, narahat olmayın».

Aldığımız məlumata görə, oktyabrın 28-də rəhbərlik işçilərlə görüşərək tələblərini dinləməyi vəd edib.