Suriya üsyançıları Lavrovun təklifini rədd edir

Foto arxiv

Suriya üsyançılarının sözçüsü bildirib ki, onlar hərbi yardımla bağlı Rusiyanın istənilən təklifini rədd edəcəklər.

Rusiyanın xarici işlər naziri Segei Lavrov ötən həftə Rusiya təyyarələrinin “Suriya Azadlıq Ordusu”nu İslam Dövləti yaraqlıları ilə mübarizədə havadan dəstəkləməyə hazır olduğunu bəyan eləmişdi.

Amma “Suriya Azadlıq Ordusu” cənub cəbhəsinin sözçüsü Issam al-Reis oktyabrın 26-da BBC-ə bildirib ki, Rusiya onların bazalarına hücumları dayandırdıqdan sonra gələcək əməkdaşlıqdan danışmaq olar.

Rusiya sentyabrın 30-dan Suriyada hava əməliyyatları keçirir.

Moskva hədəfin İslam Dövləti qrupu, ABŞ və onun müttəfiqləri isə üsyançıların olduğunu deyirlər.

Moskva bu müharibədə prezident Bashar Assad rejiminin, Qərb isə üsyançıların tərəfini saxlayır.