Oğuz Ayvaz. Çayxanada səni düşünmək

Oğuz Ayvaz

- qırmızı işıqları içəri süzülən,
günəş işığına həsrət bir kafedə oturmuşam,
sən varsan içimdə,
içdiyim çayda,
masalarda gözlərin var.
bu an bayırda asfalt yolda şütüyən
maşınların səsindən,
çayxanaçının, bir də sənin iti baxışlarından
qaçmaq istəyirəm
amma... yoxsulam bu gün...
bircə varıb gedə bilsəm uzaqlara
bircə varıb gedə bilsəm bu çayxanadan
günəş görünmür bu zirzəmidən,
burdan quşlar uçmur,
qatarlar keçmir,
burda arzuların da limanı yoxdu
uzaqda yorğun yırğalanan
bir dəniz,
bir də mənəm
ümidlər pöhrələnmir qısır torpağında
təslim bayraqları qaldırıb uzaqdakı gəmilər də
boş süfrə kimidir ürəyim,
məndən göyərçinlər də uçmur
qaşqabaqlı bir şəhərdir,
bir də mənəm
bir də müştərisiz bu çayxanadır,
darıxan çayxanaçıdır, masalardır
divarlardır, daşlardır,
daha nə deyim.
bağışla,
nə sənə verəcək ürəyim var,
nə də çayxanaçıya verəcək pulum.