Mən körpə pöhrə idim

Ziya F.M.

- "Bir qolum getdi Çinə. O biri qolum Avropanın içinə. Biri Ərəbistana. Biri Macarıstana."

Ziya F.M.

AĞAC

(mən də bir ağacam, dünya bağında)

Mən körpə pöhrə idim. İncə idim, zərifdim. Aciz və gücsüzdüm. Azad idim, evsizdim.

Kim istərdi ayaqlardı. Kim istərdi torpaqdan ayırardı, kökümdən qoparardı. Ömrümə son qoyardı.

Ölmədim yaşadım. Kökümdən qopmadım. Torpağa bütün tellərimlə bağlandım. Var gücümlə dayandım.

Şirələndim, göyərdim. Böyüdüm , şaxələndim. Yarpaq açdım, çiçəklədim. Bar verdim, nemətləndim.

Ucaldım, kölgələndim. Küləklərə sinə gərdim. Qayaları deşdim dəldim. Oturuşdum. Möhkəmləndim.

Şaxələndim, kök atdım. Başımı ucaltdım. Özümü tapdım. Özümü çoxaltdım.

Mən tək deyildim. Salam deyirdim özüm kimilərə. Balam deyirdim, məndən olub mənə bənzəyənlərə.

Orman oldum, meşə oldum. Oğul doğdum. Nəvə doğdum. Nəsil doğdum. Baba oldum, Dədə oldum.

Boy boyladım, soy soyladım. At çapdım, qılınc oynatdım. Tarix yazdım, elat qurdum. Göyərdi, ucaldı, uladı vəhşi qurdum.

Ayaq açdım, dağlar aşdım. Yüyrək qaçdım, çaylar keçdim. Başlar kəsdim, ov ovladım, quş quşladım.

Məhv elədim, fəth elədim. Qəsd elədim, qəsb elədim. Vurdum keçdim, ayaqladım, tapdaladım.

Unutdum özümü. Yedirtdim hamıya sözümü. Kəsdim eşidənin qulağını. Çıxartdım görənin gözünü. Kəsdim deyənin dilini.

Qarışdırdım aləmi. Çıxartdım başa hər yoldan ötəni. Səhv saldım qılıncla qələmi. Çapdım, taladım kökümü, dağıtdım hər yerə şirəmi.

Yadlara qovuşdum, yadlarla danışdım. Calaq oldum, qarışdım. Eyş-işrətə alışdım.

Qudurdum. Satıldım. Aldadıldım. Atıldım.

Qurudum. Saraldım. Bürüşdüm, kötük oldum.

Budaqlarım qırdılar. Tonqalda yandırdılar. Soyum-köküm tapdılar. Ayağım altın qazdılar. Torpaqdan ayırdılar.

Doğradılar. Kəsdilər. Üzü üstə yaş torpağa sərdilər. Yondular. İncəltdilər. Hissə-hissə böldülər. Dincəltdilər.

Balta kəsdi. Bıçaq yondu. Çəkic vurdu. Gövdəm yad oldu. Ağrıyla doldu. Acıyla doldu.

Bölündüm payalara. Səpələndim dünyaya. Kiçik hissəm o taya, kiçik hissəm bu taya.

Bir qolum getdi Çinə. O biri qolum Avropanın içinə. Biri Ərəbistana. Biri Macarıstana.

Hərə məndən bir şey düzəltdi. Düzdü-qoşdu, kəsdi-böldü, hissələdi, nəyəsə pərçimlədi.

İşləndim, köhnəldim, qurd daraşdı canıma, çıxdılar axırıma, atdılar zibil çuxuruna.

Çürüdüm, oldum gərmə sayağı. Oxşadım başqalarına. Calandım, hörüldüm başqa ağaclara, qövmlərə, ölkələrə, xalqlara.

Oldum onun bunun ayaq altı, dayağı.

Başım üstə özgəsinin yarpaqları, budağı.

Özgəsinin dili, dini, əlifbası, bayrağı.

Ağac idim, yaşar idim, bəşər idim.

Yer üzündə ən gözəl bir əsər idim...

Mən bir ağac idim , bir dünya bağı...

Öldüm, oldum kiçik vətən torpağı.

Dekabr, 2009