Serbiya-Albaniya: gərginlik artır

Serbiya komandasının kapitanı Branislav Ivanovic

-

Albaniyada Serbiya milli futbol komandası üzvlərinin olduğu avtobus daşa basılıb. Komanda oktyabrın 7-də Albaniyaya, Avro-2016 təsnifat oyununa gəlib, hadisə də bir neçə saatdan sonra baş verib.

Albaniya bu insidentdən öncə təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirib. Məqsəd siyasi yüklü oyun zamanı azarkeşləri zorakılıqdan çəkindirməkdi.

Daha öncə Belqradda iki komandanın oyunu zamanı stadion üzərində pilotsuz qurğu millətçi bayraq sərgiləmişdi, bayraq üzərində “Böyük Albaniya”nın xəritəsi vardı.

Öncəki matç zorakılıq səbəbindən təxirə salındı və diplomatik qalmaqala gətirdi. Oktyabrın 7-də Tiranada baş verən insidentdən sonra da diplomatik münasibətlər gərginləşib.

Serbiya federasiya sözçüsü Aleksandar Boskovic bunu “kiçik insident” adlandırsa da, Serbiya xarici işlər nazirliyi etiraz notası hazırladığını bəyan edib.

İnsident zamanı xəsarət alan olmasa da, Serbiya oktyabrın 8-də keçiriləcək oyun sarıdan təhlükəsizlik şübhələrinin olduğunu bəyan edib.

Serbiya xarici işlər nazirliyi Albaniya səfiri Ilir Bocka-nı çağırdığını, ancaq səfirin Serbiyanın etiraz notasını qəbul etmədiyini bildirib. Albaniya səfirliyi açıqlama verməyib.