Beynəlxalq Mətbuat İnstitutu bəyanat verdi

İslam Şıxəli

-

“Azərbaycan hökuməti jurnalistlərə və digərlərinə qarşı repressiya kampaniyasına son qoymalıdır. Bu kampaniya nəticəsində son həftələr ərzində bir neçə jurnalist saxlanıb və istintaqa cəlb olunub”. Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) oktyabrın 6-da yaydığı bəyanatda belə deyilir.

Bəyanatda vurğulanır ki, son bir ayda Meydan TV və AzadlıqRadiosu üçün işləyən bir neçə jurnalist dindirilib. Dövlət mediasına alternativ təşkil edən müstəqil media kanalları getdikcə daha çox hədəfə alınır.

Sentyabrın 26-da AzadlıqRadiosu ilə əməkdaşlıq edən İslam Şıxəlinin mənzilində axtarış aparılıb, iki gün sonra o, prokurorluqda dindirilib. Sentyabrın 17-də isə Meydan TV-nin əməkdaşı Şirin Abbasov polisə müqavimət iddiasıyla 30 günlük həbs cəzası alıb.

BMİ-nin kommunikasiya üzrə direktoru Steven M.Ellis deyib:

“Hökuməti fundamental insan haqlarından yararlandığına görə həbsə atılmış bütün məhbusları buraxmağa çağırırıq. Eyni zamanda beynəlxalq ictimaiyyət Azərbaycan hökumətinə aydın şəkildə izah etməlidir ki, bu durum qəbuledilməzdir”.

Bəyanatda Meydan TV əməkdaşlarının nəyə görə saxlanması və dindirilməsinin aydın olmadığı, Şıxəliyə isə vergidən yayınma ittihamı olan məhkəmə qərarının göstərildiyi qeyd olunur. “Vergidən yayınma AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovaya qarşı ittihamlardan biri idi və o, 7 il yarım həbs cəzası aldı. Tərəfdarları jurnalistin korrupsiya araşdırmalarına görə cəzalandırıldığını deyir”.