Dünya Kuboku bitdi

Foto illüstrasiya

-

Oktyabrın 5-də Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib.

“AzərTac” -ın məlumatına görə, mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov şahmatın Azərbaycanda sürətlə inkişaf etdiyini, zəngin və qədim ənənələrə malik olduğunu qeyd edib. Eyni zamanda, respublikanın idman ölkəsinə çevrildiyini bildirib. O deyib ki, mötəbər idman qurumları beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsinə tərəddüdsüz qərarlar verirlər.

A.Rəhimov həmçinin vurğulayıb​ ki, şahmat üzrə Dünya Kubokunun keçirildiyi günlərdə partiyaları hər dəfə 600-dək tamaşaçının izləməsi idmansevərlərin, xüsusən də gənclərin şahmata marağının göstəricisidir.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov deyib ki, Bakıda keçirilən Dünya Kuboku bir çox cəhətlərinə görə idmanın bu növünün tarixinə düşəcək.

Sonda finalçılar mükafatlandırılıb.

Dünya Kubokunun sahibi Sergey Karyakin və ikinci yerin mükafatçısı Pyotr Svidler Azərbaycanda keçirilmiş yarışın yüksək səviyyədə təşkil edildiyini bildiriblər.

Mərasimdə 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasının rəsmi loqosu təqdim olunub.