Baban ölüb, ay Tərlan

Hədiyyə Şəfaqət

- "Onlardan   biri  hürə-hürə arxadan  gəldi, qadının üstünə  tullanıb  onu  yerə  yıxdı,  qolunu  ağzına  aldı. O biri özünü  çatdırınca kişilər ayağa  qalxmışdılar."

"Qapının  açılmasıyla   gəlinin  ürəyinin   yerindən  oynaması  bir  oldu...   Otağın  ağırlaşmış  havasından ödü ağzına  gəldi..."

 

Hədiyyə Şəfaqət

İt hürüşü       

-1-

-Bəhram  dayı! Ay Bəhram dayııı!

Haylamanın ardıyca  dəmir darvaza  döyülməyə  başladı. Bəhram kişinin yaşlı  anası “Allah  xeyir  eləsin, kim olar indi?” - düşüncəsiylə  yaylığını  başına  atdı,  qabağa getdi.

Bəhram  kişinin  ailəsi  belə  çağırışlara  adətkardı.  Kişi  “el  anası”  sayılırdı,  qapısını döyən çox olurdu.  

Qarı  darvazanın  kiçik  tayını açdı, gələn  Tərlandı, Sadiq kişinin nəvəsi, boynunu  büküb dayanmışdı.

- Gəl, ay  oğul,  gəl  içəri.  Bəhram  dayın  namazdadır.  Xeyir  ola,  bu  vaxt?-dedisə  də,  dodağını  dişlədi,  “Ay  axmaq  qarı,  bu  yaşa  çatdın,  danışığını  qanmadın  ki,  qanmadın.  Adama  deyən  lazım,  sənin  qapını  xeyirliyə  döyən  olurmu?”

Oğlan  qapı  dirəyinin  başındakı   fənərdən    düşən  zəif   işığın  altında   dayanıb  əllərinə   yer  axtarırmış  kimi  qurcuxdu, baxışlarını    qaçırıb  ora-bura  gəzdirdi. Qarı  narahat oldu.

-Nə  olub, ay  oğul?

Oğlan  üzünü  yana  tutub  boğuq  səslə  dillənmək  istəyirdi  ki,   Bəhram  kişi  eyvanda  göründü:

-Kimdir  ay  ana,  niyə evə gəlmir?

Qarı  gözlərini  yeniyetmədən ayırmadan oğluna  cavab  verdi:

-Allah  köməyi  olmuş,  Cəlalın  gədəsidi,  gəl  görək  nə  olub? 

Bəhram  kişi  “Cəlalın  gədəsi”  sözünü eşidib hövlləndi. Tələm-tələsik  pilləkənləri  endi,  ayağına  bir  şey  keçirib  darvazaya  yönəldi,  gələ-gələ da   qarını  evə səslədi:

-Ay  ana, di  sən  çıx  evə...

Qarının baxışları sərtləşmişdi,  üzünü  oğluna  çevirdi:

-Bəhram...

Bəhram  kişi  anasına  göz-qaş  elədi:

-Di yaxşı, sən keç evə..

Tərlan  bu  nataraz  vəziyyətin altında büzüşüb kiçilmişdi. Onun  günahkar  baxışları Bəhram kişini  də şübhəyə saldı:

-Noolub, ədə?

Yeniyetmə udquna-udquna,  səsi  əsə-əsə  dilləndi:

-Babam keçinib...

Bəhram kişi  üçün adi xəbərdi, heç  axşamın bu  vaxtında  qapısının  döyülməsini  də  eyninə  almazdı,  amma  oğlanın  səsindəki  günahkar   titrəyiş  onu qorxutdu:

-Noolub  əəə,  yoxsa  dədən  hirslənib  nəsə  eləyib?

Sualın  tonunda  bir  az  da  xəbərdarlıq  vardı, “xatalı  olana  oxşayırsınız,  məndən  kömək  gözləməyin”. Bilirdi  ki, belə  şeylər olur.

Elə  keçən ay  qonşu  məhəllədə  özünü  asan  gəlinin  adamları  məsələni  səssiz-səmirsiz  həll  etmək  qərarına  gəlib  gecəylə  meyiti   yudurmuş,  basdırmışdılar.

Amma  xəbər  anında  polisə çatmış, səhər  bütün  qəsəbə  nədir,  bütün  ölkə  bilmişdi  ki,  filankəsin  gəlini  özünü öldürüb. 

Üstəlik,  ölü yuyan da, məzar  qazan  da, molla  da,  ölü  yiyələri  də  o  maşına  basılıb  gedən  olmuşdular,  xeyli  zaman  qohum-qardaşları  qapılarda  qalmışdı.   

Bəhram  kişi  bilirdi  ki,  dalaşan,  qəza  edən,  ovda  filan  yoldaşını  güllələyən,  çayda  çiməndə  batan  adamların  yaxınları  get-gələ,  çək-çevirə  çəkilməkdən  yayınmaq  üçün  məsələni  tez  həll  etməyə  çalışır,  axşama-səhərə  baxmırlar...

Tərlan  udqundu:

- Bəhram dayı, atam  babamın  xətrinə  dəyəndimi  heç?

- Yox,  dəyən  deyildi.  Heç  kim  bu  kənddə  dil  çevirib  deyəmməzdi  ki,  Sadiq   kişi  nə  edir  etsin,  ya  oğlu,  ya  nəvəsi   ona  yan gözlə  baxa...

 Bəhram  kişi  səsinin  tonunu  bir  pillə  aşağı  saldı. “Uşağa  imkan  verdimmi  ki,  bir  sözünü  deyə?  Bəlkə  elə  indidən  tapşırırlar  ki, səhər  baş  qarışanda   yola-kola  düşməsinlər? Bəlkə  də  axşamtərəfi  keçinib,  heç  günortayacan  saxlamaq  istəmirlər? Həm, bu  yazığın   uzaqda  oğlu  yox,  qızı   yox,  saxlayıb  neyləyəcəkdilər?”

-Yaxşı,  səhər  tezdən  gedib  hazırlayaram  yerini

 -Yox, - oğlan  onun   sözünü  kəsdi - elə  gecəynən  basdıracaqlar-dedi  və  hönkürdü...

Bəhram   kişi  çaşıb  qaldı,  bir  an  susub havadan  gələn  səslərə  qulaq  verdi. Axşam  sakitçiliyində  məhəllənin  o  başında  bir  hərəkətlilik,  səs-küy  duyulurdu.  Yoox,  xəlvət  işə  oxşamırdı. 

- Atam  dedi  ki,  bir  zəhmət,    bizə  gəlsin,  deyəcəkləri  var - Tərlan  günahkar-günahkar  baxdı  kişiyə - ayağına  çağırmaq  kimi  olmasın,  Bəhram  dayı, amma  vəziyyət belə gətirib...

Getməklə,  görməklə  ki, nə  olub,  necə olub,  kim  ona nə deyəcəkdi  ki?  Qazmadı,  basdırmadı,  neçə  ildir  bir  məhlədədirlər,  lap elə başqa  iş  var, nə  olsun, eşidib, gedir. 

Görsə  ki,  nəsə  başqa iy  gəlir,  yaxasını  çəkər  qırağa. İndi  nə  deyib  imtina  edəcəkdi,  eyibdi,  neçə  ilin  gor qazanıydı,  el  adamıydı... 

-Əynimə-ayağıma  bir  şey  keçirim gəlim.

Dönüb  evə sarı getdi:

-Başqa  işlərin  varsa  sən  get, gəlirəm mən.

Oğlan  tərəddüdlə  dayandı, deyəsən  qorxdu ki, kişi  deyər, eləməz,  şübhələndiyini  anlamışdı. Bəhram kişi ona acıqlandı:

-Ə, get də,  görmürsən  həyət-baca paltarındayam? Üstümü dəyişib gəlirəm...

-2-

Güllü-çiçəkli,  ağaclı-meynəli  həyət  adamla  dolmuşdu. Sonuncu  dəfə bura   rəhmətlik Suğra  arvadın  növbəti  ilinə  Quran  oxunanda,  bir ay  əvvəl  gəlmişdi.

Sadiq  kişi  onda  başını  aşağı salıb  masanın başında  bir  az  oturmuşdu,  süfrəyə  düzülən  yeməklərə  gözucu baxıb  əl  uzatmamışdı, molla  avazla  Yasin  oxumağa  başlayanda  səssizcə durub  getmişdi.

Kiçik  məclisdəkilər elə  hamısı  simsar,  qohum-qonşuydu,  xasiyyətini  bilirdilər,  heç  kim  onu  çağırıb  saxlamamışdı. Bircə   qonşu   Tükəz  arvad   dərin  bir  ah  çəkib  əllərini  göyə  açmışdı:

-İlahi,  sən  hər  şeyi  bilənsən!  Yazıqdı  bu  kişi  də,  oğul-uşaq  da,  bir  əlac  elə,  bir  saya  yolla.  Yazıq  Suqranın   yerinə   köz  dolur  yəqin  o  dünyada,  onun  savabına  bağışla  bu  kişini...

 - 3 -

Elin-günün,  bütün  qəsəbənin  anasıydı  rəhmətlik  Suğra. Tibb məktəbini  oxuyub  bitirəndən  sonra  uzaq qohumlarından  olan  Sadiqlə  evlənib  qəsəbəyə  gəlin  gəldi.

Toylarından  bir  ay  keçmiş qəsəbənin neçə  aydan  bəri həkimsiz qalıb   bağlanmış    tibb  məntəqəsində işə  başladı.  Xoşxasiyyətdi, hamının  hörmətini  qazanmağı  bacardı.

Gün  o  gün,  tibb  məntəqəsi yalan oldu, kimin  xəstəsi  olsa,  kimin  başı  ağrısa,  dişi  ağrısa, Sadiq  kişinin qapısını  döydü.

Gecənin  bir vaxtı  kiminsə hərarəti  qalxan uşağının,  kiminsə  təcili  iynəsi  vurulmalı  xəstəsinin  dalıyca  qəsəbənin  bu  başından  o  başına  getdi.

Hər  dəfəsində də şikayətlənmədən,  sanki  bu  da  onun  işiymiş  kimi  şirin  yuxusuna  haram  qatıb  yatağından  duran,  əynini  geyinən,  onunla  birlikdə   xəstə  evinə  yollanan   ərinin  narazılığını  eşidən  olmadı el  içində.

Xeyirdə-şərdə,  oturub-durub  razılıq  etdi  adamlar. “Sağ  olsun,  işləməyə  qoymasaydı  nə  edəcəkdik?” Başqa  biri  səsinə  səs  verdi: “Lap  elə  işləsin,  desə  ki,  getmə  gecənin  yarısı  ora-bura?”

“Nə  getmə, görmürsünüz,  özü  də  onnan bir sürünür ”... Xəstə  sahibləri  hər  dəfəsində  Suğraya  dua  edəndə  Sadiqi  də  unutmurdular,  yarı-gerçək,  yarı-zarafat  dillənərdilər  ki,  “Allah  səndən  razı  olsun,  nə  yaxşı  bu  doxturla  evləndin,  bizim  də  rayon  mərkəzinə  xəstə  aparıb-gətirməkdən  canımız  qurtardı”.

Bəzən  Suğraya  hörmət  edib,  cibinə  nəsə  qoymaq   istəyəndə    Sadiq  kişini  yanlayıb qılıqladılar: “Ay  kişi,  əziyyət  çəkir,  el  anasıdır,  biz  də  gərək  xəcalətli  qalmayaq”. Sadiq    deyib-gülən,  yeyib-içən  adamıydı,  hamıyla  tuturdu  xasiyyəti,  hamıya  ərki  çatırdı:

-Ə,  pulunu  cibinə  qoy,  deyirsən  arvad  məni  vəzifədən  azad  eləsin?.

Zarafat-zarafat, qəsəbə  bir  də  ayıldı  ki,  Suğranın  yanında  gəzə-gəzə  Sadiq  kişi də  yara  bağlayır,  dərman  sürtür,  belə  yüngül  fason  pensillen-zad  da  vurur  arabir. 

Camaat  bilirdi  ki,  belə  şey  olmamalıdır,   amma  nə   olsun?  Haylarına  yetən  vardı?  Vardı.  Bir  ziyanını  görməmişdilər  ki?  Görməmişdilər.  Üstəlik, “camaat  üç  aylıq  kursa  gedib  doxdurluq  edir”  deyirdilər - “bu  da  olsun  onlardan  biri”...

Günlərin  bir  günü,  gecələrin  bir  gecəsi  qəsəbədə  təzə  doğulan  uşağın  halı  pisləşəndə Suğra  həmişəki  kimi  iynə-dərmanını  çantasına  toparladı, 

Sadiq  kişiylə   birgə  xəstə  uşağın  babasının  yanına   düşüb  qəsəbənin  o  başına  yollandı. 

Ev sahibi maldarlıqla, qoyunçuluqla  məşgul  olan adamdı, evi lap kənarda  olduğundan  düzlərdə  dolaşan  çaqqaldan -canavardan  ehtiyatlanır,   həyətində  iki  zorba  it  saxlayırdı.  Qapıya  çatanda  onları  gözləyən  gənc ata  üstlərinə  cuman  itləri  uzaqlaşdırıb  üzrxahlıq  elədi:

-Ölmüşləri  neylədim,  kəndirə  gətirəmmədim, axşam  oldu  açıb  buraxıram,  səhərəcən  bağlayammıram,  uşağın  da  ki,  halı  birdəncə pisləşdi. 

İtlər  mır-mır mırıldayır,  dayanmadan  hürürdülər. Suğra yanındakı  üç  kişinin onu  qorumasına  arxayındı, heç  tükü  də tərpənmədi...

Xəstə  uşağı  özünə  gətirmək  uzun  çəkdi.  Amma  neylədisə  də  hərarəti    düşmədi.  Suğra  üzünü  əli-ayağı  əsən,  həyəcandan  anqappaq  ağarmış  gənc  anaya  tutdu:

-Uşağı  xəstəxanaya  çatdırmaq  lazımdır...  

Çarpayının  üstünə  atdığı  nazik  yaylığını  boynuna  saldı:

-Sən  uşağı  geyindir, hazırlaş,  mən  çıxım  deyim,  tez   bir  maşın  tapsınlar...

Eyvana  çıxdı,  pilləkənləri  düşüb  həyətin  yan  küncündəki  altaçığın  altında  oturub  papirosunu  tüstülədən  kişiləriə   səslənə-səslənə  onlara  tərəf  getdi:

-Görün  kimin  maşınını  danışırsınız,  uşağı  tez  çatdırmaq  lazımdır  rayon  mərkəzinə...

Hər  şey  bir  anda,  gözlənilmədən  oldu.  Nə  Sadiq,  nə  ev  sahibi  onun  beləcə  bir  başa  düşüb  gələcəyini  gözləmirdilər,  Suğrasa  tələskənlikdə  həyətdəki itləri unutmuşdu...

Onlardan   biri  hürə-hürə  arxadan  gəldi,   qadının  üstünə  tullanıb  onu  yerə  yıxdı,  qolunu  ağzına  aldı.  O  biri  özünü  çatdırınca  kişilər  ayağa  qalxmışdılar.

Sadiq   dəli  kimi  bağırıb  itin  üstünə  cumdu,  ev  sahibinin   gücü    altaçığın  bir  tərəfində  dəmir  tora  söykənmiş  lapatkanı  götürüb    itin  başına  endirməyə  çatdı...

Olan  olmuşdu... Suğranı  köməkləşib  eyvana  çıxardılar,  İtin  dişləri  qadının  qolunu didib-tökmüşdü... 

Sadiq  arvadının   baxışlarında   donub  qalan  qorxunu  bir  anda  içinə  işləyən  gördü.  Çiçəkli   donun  didilib  qana  bulanmış   qoluna  zilləndi,  arvadının  gözləri   indi  ona  həmin  o  yerdən  də  baxırdı... 

 - 4 -

Suqra sağalmadı.  Bir  ayıldı-beş  bayıldı. Dili  söz  tutmadı,  parıltılı   baxışları  dəyişmədi,  nəyə  baxdı,  kimə  baxdı, oyum-oyum  oynadı. Çeynənmiş  qolun  sağalmaq  bilməyən  yarası  bir  yandan, canına  işləyən  qorxu  bir  yandan,  ikisi birləşib  cavan  gəlinin  canını  çəkib sovurdu...

 ... Bir  gün,  göz  qapaqlarını   azacıq  aralayıb   zorla  tərpədə  bildiyi  əlinin  qurumuş  barmaqlarını  ərinin  əlinin  üstündə  gəzdirdi,  gözü  gözünə  zilləndi.   Sadiq  gördü  ki, arvadının  bir  aydan  bəri  o  dünyadan   boylanan   dəli  baxışları  yumşaldı,  həmişəki  oldu. 

Özunu  onun  üstünə  atdı,  saçlarına   sığal  çəkdi,  üzündən  öpdü.  Qadın  gözünü  otaqda  hərləyib  bir  kəlmə söz  pıçıldadı,  oğlunu  axtardı...

Sadiq    özünü  uzun  dəhlizin  bu  başından  o  başına   çırpdı,  kim  var,  kim  yox  düşünmədən   var  gücüylə  çığırdı:

 -Cəlalı  çağırın!  Cəlalı  gətirin,  anası  istəyir! - və  günlərdən  bəri  tükənən  son  gücünü  itiribmiş  kimi,  divara  söykənib  yavaş-yavaş  yerə  çöküb  oturdu - bitdi,  qayıtdı  Suqram...

 Dəhlizdə  kiminsə  ayaq  səsləri  tələsik  uzaqlaşdı,  dəyişik  səslər  uğuldayıb  bir-birinə  qarışdı,  sonra  kiminsə  əli  Sadiqin  qolundan  yapışıb  ayağa  qaldırdı,  ayaqlarını  hiss  etmədən  müti  uşaq  kimi onu  palataya  çəkən  ağ  xalatlı  adamın  arxasıyca  getdi.

Suqranın  yanağı  uzunu  axıb  boynunda  itən  göz  yaşını  silmək üçün  əlini  uzatdı  və  donub  qaldı. Buz  kimiydi.  Əli  çarpayıdan  sallanıb  qalmışdı...   Dizləri  yerə   gəldi,  dünya  başına  fırlandı... 

...Günortaya  yaxın Suqranın  meyiti  evinə  gətirildi,  qəsəbənin o  biri  başında   maldar  qoca  qapısının  ağac  basdırmasına  dirəklənib  dünyadan  çıxmış  gözlərini  eyvandan enən  pilləkəndən  iki  addım bu  yanda Suqranın   itin  dişlərinə  tuş  gəldiyi  yerə zilləyən Sadiqin  qarşısında  dayanıb  zülüm-zülüm  ağlayırdı.

Bir  də  ayıldı  ki,  dünya  aləm  Sadiqin  eyninə  deyil,  daşa  dönüb,  nə  yuxuludur,  nə  ayıq.  Ayaqları   əsə-əsə  evə  cumdu,  əlində  qoşalülə  tüfənglə  çıxdı,  bayaqdan  xam  adamın  gəlişindən   qızışıb  zəncirini  qırmağa  çalışan  itlərin  hərəsinin  başına  bir  güllə  çaxdı.

Sadiq  güllə  səslərindən  diksindi,  əlindəki  stəkandakı  suyu  ona  içirməyə  çalışan  ev  sahibəsini    itələyib   ağır-ağır  evinə  yollandı... 

 - 5 -

Sadiq    arvadı   basdırlanan     gün  itdi,    başqa  bir  adam    gəldi  yerinə.  Heç  yas  günlərində  də  adamlara  qarışmadı,  kim  gəldi,  kim  getdi,  nə  oldu,  nə  olmadı,  heç  nə  bilmədi. 

Sonra   da   neçə  ay  havalı  gəzdi, havalı  dolandı.   Dinmədi,  danışmadı,  yemədi,  içmədi,  əyni-başı  tökülüb  pis  günə  düşdü,  kimin  kimsənin  sözünü  eşitmədi...  Günlərlə  arvadının   qəbrinin  üstündən  çəkilmədi... 

Bir  gün  ayıldı  ki,  nə  qədər  vaxtdır  oğlunu  görmür. Dəli  kimi  həyət-bacanı,  ev-eşiyi  bir-birinə  vurdu,  tapmayanda  qəsəbənin  canına  düşdü,  bir-bir  qonşuların,  qohumların  qapısını  döydü,  Cəlalı  axtarmağa  başladı.

 Ağsaqqal-ağbirçək   araya  girdi,  başa  düşdü  ki, uşağı  yas  düşən  günü  aparıblar,   dedilər  ki,  halı  hal  deyil,  bu  vəziyyətdə  kiçik  uşağı  ona  vermək  olmaz, uzaq  olsun,  uşağa  bir  xətər  yetirər,  ya  da  lap  yetirmədi,  özünü  əldən  verib,  qayğıya  möhtac,  altı  yaşında  oğlan  uşağına  necə  baxacaq?

Beynində  ildırım  çaxdı  Sadiq  kişinin.  Dəli  kimi  gecə-gündüz  dolaşdığı  yollardan,  dağdan-daşdan  yığıldı. Üstünü-başını  səliqəyə  saldı,  həyət  bacaya  əl  gəzdirdi, bacılarına  xəbər  saldı,  gəlib  yorğan-döşəyini  yudular,  qavladılar,  az  qala  yarım  il  əl  dəyməyən   evin  tozunu-torpağını  silib  təmizlədilər. 

Həmişədən  işlədiyi  traktor  parkına  getdi,  allah  üçünə,  müdürləri  yaxşı  adamdı,  başına  gələn  müsübəti  də  bilirdi,  köhnə sürücüsünə   “yox”   demədi, Sadiqi əvvəlki  işinə qaytardı.

Bir  az  keçmiş,  əli  təkrar  qazanca  yetən   kimi  adam  saldı,  söz  verdi,  arxayın  elədi,  oğlunu  nənəsindən,  Suqranın  anasından  alıb  evə  qaytardı. 

Cəlal  gələndən   elə-günə  qaynadı-qarışdı,  xeyirdə-şərdə  görünməyə  başladı, qəbristanlığa    getməyi  azaltdı,   sonra   da   arabir,  bayramdan  bayrama,  onda  da  oğluyla  baş  çəkib  qayıtdı.

Eşidən  bilən sevindi,  qulağına  səslər  gəlməyə  başladı.   “Nə  yaxşı”-dedilər,  “təki  yaxşı  olsun,  balasını  böyütsün” . 

Qəsəbə  sakit  duran  qəsəbə  deyildi.  Bir  ara  kimlərinsə  fikrinə  gəldi  ki,  bir  yol  tapıb   Sadiqi  evləndirsinlər,  evində  qadın  olsun,  həm  yaraları  sağalsın,  həm  uşaq   ana   qayğısı  görsün. 

Peşman  oldular,  bir  axşam   yığılıb  uzaqdan  gələ-gələ    başına  ağıl  qoymağa  cəhd  eləyən  qohum-qonşuya   kəsə   cavab  verdi,  “ağlınıza  da  gətirməyin,  Suqradan  sonra  bitdi  bu  məsələ”-dedi,   xoşkönüllülər  anladılar  ki,  daha  üstünə  getməyin  bir  faydası  yoxdur. 

...Bütün  məhəbbətini  oğluna  yönəltdi,   üstündə  əsdi,  başına  fırlandı,  yadigar  kimi   qorumağa  çalışdı. 

Oğlu  bəzən   hər  nə  qədər  bu  gərəksiz  qorxulardan,  ehtiyatdan,  qorunmadan   bezdisə  də,  qohum-qonşunun  sözünə    baxdı, atasının   üzünə  gəlmədi, səsini  çıxarmadı.

...Cəlal əsgərliyini çəkib  qayıdınca  yarı  canı  qalmışdı  Sadiq  kişinin...

  -6-

    ...Qəsəbəyə  hay  düşdü.  “Sadiq  Cəlalı  evləndirir”-dedilər...   Xonçalar  bəzəndi,  nişan  aparıldı.  Qızın  sorağı   qəsəbəyə   özündən  qabaq  gəldi. 

Ağızdan-ağıza  keçdi,  qulaqdan  qulağa  adladı,  hamı  bildi  ki,  Sadiq  kişi   oğluna  rəhmətlik  Suqranın  qohumlarından  qız  bəyənib,  o  da  elə   Suqra  kimi  tibb  məktəbini  bitirib,  sən  demə,  taa   əsgərlikdən  qabaq  Cəlalın  da  qıza  könlü  varmış...

Nişandan  sonra  bir  həftə   evi   doldu-boşaldı,  el  gözaydınlığına  gəldi.  Hərə  bir  yandan  əl  uzatdı,  dilxoşluq  elədi,  Sadiq  kişi   bilmədi  harda  qazan  asıldı,  harda  mağar  quruldu,  bir  də  ayıldı  ki,  həyətində  toy-büsatdı,  oğlu  da  gəlinlə  oturub  məclisin   başında...  

...“Bir   asta  hava  çalın”-dedi  Sadiq  kişi,  zurnaçalanlara  işarə  elədi,  qədimi  bir  havanın  ilk  sədasıyla   ortalığa  girdi.  Onu  meydanda  tək  qoymaq  istəməyən  adamları    qarşısında  görüncə   əlləri   havadan  endi,  bir  an  donub  dayandı,  başına  dolanan   adamlara üzrxahlıq  edirmişcəsinə:

 - Mən  Suqrayla  oynamaq  istəyirəm - deyincə   toy  əhli  bir-birinin  üzünə  baxdı,  Cəlal   qıp-qırmızı  qızardı,  baxışlarını  camaatın  üstündə  hərləyib  atasında  saxladı. 

Kişi  gözlərini  düz  onun  gözünün  içinə  zilləyib  dayanmışdı,  başını  aşağı  saldı.  Bir  yandan  da  gəlin   əyilib  qulağına  pıçıldadı:

 -Halal  olsun,  atan  başqa  kişidir!

 Adamlar  ortadan  çəkildilər.   Toyçular  havanı   yenidən   dilləndirdilər.  Sadiq  kişi    gözlərini  yumub   qollarını  yenidən  qaldırdı,   asta-asta       hərlənməyə  başladı...

...Güzünü  qəfil  açdı,  gördü  ki,  toy  əhli  aralanıb    mağarın  qapısı  ağzında    dayanan  Suqraya   yol  verir. Sadiq  kişi   qolundan  tutub   arvadını  ortaya  çəkdi.  Gözəllər  gözəli  Suqranın  yanaqları  qızılgül  kimi  allanmışdı,  gözlərində  sevinc  yaşları  duymələnib  qalmışdı. 

Arvadının çiynindən qol  qaldırıb  başına  dolanmağa  başladı. Dolandıqca  da  mağardakı  adamlar  əriyib  itir,  musiqinin  səsi  lap  uzaqdan  gəlməyə  başlayırdı...  

Nə  qədər  keçdi,  nə  qədər  fırlandı  ortalıqda,  bilmədi,  gözlərini  açdı  ki,  Suqra  əlini  yavaş-yavaş  onun  əlindən  üzüb  dal-dalı çəkilir. Donunun  ətəklərindən    qalxan   küləyin  çiçək iyi yeri-göyü  tutur...   Ağappaq  duman  mağarı  bürüyür,  arvadı  əriyib  dumana  qarışır... 

 Zurnaçılara    işarə  etdi  ki,  musiqini  kəsməsinlər. Əl  atıb  pencəyinin  döş  cibindən  qırmızı  məxmər  üzlü  qutu  çıxardı,  cavanlara    yaxınlaşdı,  qutunu  açıb  masanın  üstünə  qoydu,  içindən  götürdüyü   qızıl  biləkliyi   ayaq  üstündə  onu  gözləyən  gəlininin  qoluna  bağlamağa  çalışdı. 

Barmaqları  tutmurdu,  əsirdi,  oğlu  hayına  çatdı,  biləkliyi  bağlamasına   kömək  etdi.  Sadiq  kişi  gəlininin  alnından  öpdü,  oğlunu  qucaqlayıb   özünə  sıxdı,  üzünü  çiyninə   qoyub   dayandı,  təkcə  oğlunun  eşidə  biləcəyi  səslə  “Xoşbəxt  ol”-deyə  bildi.  Cəlal    köynəyə  höpub   ətinə  dəyən  nəmişliyi  duyub  kövrəldi.  Atasını  qucaqladı-“Sağ  ol,  ata”...

Başını  oğlunun  çiynindən  qaldırdı,  yerinə  qayıtdı.  Alnında  muncuq-muncuq   tər  parıldayırdı.  Adamlara  baxdı.  Baxışları üstündə  ağır  yük  kimi  hiss etdi,  nəfəsi  təngidi.   Kürəyindən  soyuq   gizilti  keçdi.  

Bir  an  sanki  harda  olduğunu  unutmuş   kimi  oldu.   Havasi  çatmadı,  mağardan   çıxmağa  tələsdi. Deyəsən,  kimsə  dalıyca  gəlmək    istədi,  kimsə    qolundan  yapışdı...

...Ayağini  mağardan   çölə  athaatda hardasa  bir  cüt  güllə  açıldı,  bayaqdan  ritminə  qarışıb  qol  qaldırdığı  qara  zurnanın  səsi  öləziyib,  öləziyib  köpək  zingiltisinə  çevrildi... 

-7-    

Gəlini    halal  süd  əmmiş  çıxdı,  bir  sözünü  iki  eləmədi  qaynatasının,  qulluğunda  durdu.  Onun  da  gəlinə  qanı  qaynadı.  Suqranın  havası  qayıtdı  elə  bil. 

Qadın  əlinə  möhtac  qalıb  yetimləşən  həyət-baca  çiçəkləndi,  yaşıllaşdı,  arvadından  sonra  evdə  heç  nəyi   dəyişməyən,   oğluna  da   bir  şeyə  toxunmağa  icazə  verməyən  Sadiq  kişi   gəlinin  qarşısında  əridi,  səsini  çıxarmadı.  Köhnə  evin  üstü  sökülüb  damı  dəyişdirildi,  divarlar  kağızlandı,  təzə  otaqlar  artırıldı...

-8-

...Oğlunun  toyundan  az  keçmiş    təzə  məsələ   çıxdı,   birdəncə   içməyə   başladı.  İçmək  də  var,  içmək  də...  Camaat  bir  də  ayıldı  ki,  Sadiq  kişi   əlinə  keçəni  arağa  verir.  Bir  gün  də  sərxoş –sərxoş  traktoru    yoldan  çıxarıb  ağaca  vurdu.   Parkın  müdürü   Cəlalı  çağırıb  danışdı,  başını  yellədi:

  - Bu  vəziyyətdə  ona  texnika  etibar   etməyimiz    düzgün  deyil,  amma  illərin  haqqı  var  aramızda,  sən  gəl  onun  yerinə,   bundan  artıq  heç  nə  edə  bilmərəm” - dedi. 

Sadiq  kişi  işdən  çıxarılmağından  acıqlansa  da  oğlunun  onun  yerinə  işləyəcəyini  biləndə  sakitləşdi.  Əvəzində   içkini  coxaltdı.   Qəsəbədəki  dükanlar  ona  içki  satmaq  istəməyəndə  rayon  mərkəzinə  ayaq  açdı,  elə  orda,    kafedə,  restoranda  içib  yıxılıb  qaldı.

Cəlal  ha  nə  elədi,  atasıyla  bacarmadı.   Günlərin  bir  günü  çox  içib  başını  masya  söykəyib  qalanda    kafedəkilər  elə  bildilər   ya  yuxlayıb,  ya  da  özünü  bilmir. 

Bir  də   diqqət  edib   kişinin  rənginin  boğulduğunu  görəndə  əl-ayağa  düşdülər,  kafenin  sahibi  təcili  yardım  çağırdı.   Oğluna  xəbər  elədilər,  aləm  bir-birinə  qarışdı,  polis  töküldü  gəldi  təcili  yardımın  arxasıyca,  izahat  aldı.  Həkim   infakt  olduğunu  dedi...

Düz  iki  ay  yataqda  qaldı. 

Cəlal   elə  bildi  atası  daha  içməyəcək.    Həkim  dönə-dönə  xəbərdar  eləmişdi. Amma  kimə  deyirsən,  elə  ayağı  yer  tutan  kimi,  yenə  başladı...  

Cəlal  bir  dəfə  dözmədi,  əsdi-coşdu,  vurdu-dağıtdı,  xeyri  olmadı.  Atası  elə  o  günün  axşamı  evə  kefli  gəldi,  səssizcə  keçdi  otağına  və  yatdı.  Gecə  oldu,  ayılmadı,  səhər  açıldı,  ayılmadı. 

Gəlin  qorxuya  düşdü,  kişi  yerindən  durmadıqca  hölləndi,  özü  bir  şey  kəsdirmədi,  axşam   Cəlalı   rayon  mərkəzinə,    həkim  gətirməyə    göndərdi

Həkim yarıyuxulu  qocanı  müainə  elədi,  başını  yellədi:

 -Toxunmayın,  özü  nə  zaman  oyansa   dursun...   Üstünə  çox  getməyin...  

 Gəlin  gözünün  yaşını  axıtmağa  başladı:

 -Necə  edək,  eləcə  gözümüz  baxa-baxa  buraxaq  ölsün?

 Həkim  çantasını  yığışdırıb  qocaya  sarı  boylandı,  gəlini  otaqdan  eşiyə  çıxardı:

 -Cəlala   da  deyin,  işi  olmasın  daha...   Bu  başqa  dərddir.   Onsuz  da  çox  çəkməyəcək...   Amma  belə  gəlib  yatmağı  yaxşıdır,  sakitləşər

 Gəlin  razılaşmadı:

 -Onsuz  da  bir  şey  yeməyi  yoxdur,  indi  bir  az  da  düşəcək...

Həkim sözünü  dəyişmədi:

 -Mən  yenə  müalicə  yazıram,  çalışın  iynə-dərmanı  vaxtı  vaxtında  olunsun.   Amma  kefinə dəyməsəniz  yaxşıdır...

İynə-dərmanmı  görünürdü  gözünə?   Qaynatasını  hardan  tapacaqdı  ki,  hələ   müalicə  də  edilsin.  Bir  dəfə,  iki  dəfə,   anladı  ki,  kişi  ipə-sapa  yatan  deyil.  Bu  dəfə  heç  onun  sözünü  də  saymayacaq.

 ...Gəlin  ilk  zamanlar  uzun  çəkən  yuxulardan    qorxsa  da,    otağından   çıxmayan   qaynatasını  gündə  neçə  dəfə  yoluxsa  da     sonra   buna   adət  elədi... 

Sadiq  kişinin   etdikləri    get-gedə   adi həyat  tərzinə  çevrildi.   Özü  gəlib   yatır,  özü  durub  gedirdi.  Bəzən halı  pis  olanda  nəvəsinə  xabər  edirdilər,  gedib  gətirirdi,  əyin-başını  soyunmasına  kömək  edir,  yatağına  salırdı.

Görmüşdülər  ki,  içmək  istəyib  içəmməyəndə,  bir  də  yuxusundan  oyadanda  hirslənir,  əlləri   əsir,  dili-dodağı  söz  tutmur.  Gəlin  yeməyini-içməyini  verir,  əyin-başını  yuyub  təmizləyir,  oğlu  hamama  salıb  çimizdirir,   daha   hara   gedib   hardan   gəlməyinə  qarışmırdılar... 

 Nədənsə,  hamı  elə  o  həkim  kimi   inanırdı  ki,  bu  çox  çəkməyəcək,  ömrü  az  qalıb  Sadiqin.

Hamı  əlindən  gələni  eləməyə,  könlünü  almağa  çalışırdı. Qəsəbədəkilər   içki  qadağasından  vaz  keçdilər,  gedib  rayon  mərkəzində içib  gəlməsindənsə   elə  gözlərinin  qabağında  olsaydı  yaxşıydı. 

Heç  olmasa  tanıyırdılar,  özlərinkiydi,  halı  dəyişəndə   harayına  yetirdilər.   Kəndin  Sadiq  kişiylə  həmyaş adamları  başlarını  yelləyir,  yaşarmış  gözlərini  bir-birindən  gizləyirdilər:

 -Ay  gidi  dünya!   Ay  Suqra!  ör  nə  günlərə  qaldı  bu  cür  adam...

 Amma  Sadiq   kişinin  canı  bərk  çıxdı,  bu  dünyadan  ayrılıb  öz  aləminə  qapıldıqca  ömrü  də  uzandı...

 - 9 -

...Cəlal  ikiqat    qalmışdı.  Günəşin  yandırıb  qap-qara  elədiyi  sifətində  çuxura  düşüb   itən   gözlərini  yerdən  qaldırmırdı.    Bəhram   kişi  bir  əliylə  əlindən  tutub  bir  əlini  çiyninə  vurdu:

-Özünə  gəl,  neyləmək  olar  daha?  Yerində  rahat  olsun...

Bilirdi  oğlunun  Sadiq  kişini  çox  istəməsini,  bilirdi  aylarca  nə  çəkdiyini, çox  zaman   qəsəbədən  uzaq  əkin  sahələrində,  şumda  olsa da  atasını  yoluxmaq  üçün  bir  ayağı   evdəydi,  yollarda  az  qalmamışdı. 

O  da,  oğlu  da  qulluğunda  durmuşdular,  bir  də  qoymamışdılar  oğul-uşaq  üzünə  dursun,  lağ-lağaya  qoysun, hörmətsizlik  eləsin. Bir  də  ki,  balaca  qəsəbəydi, hamı  bir-birini  tanıyırdı, Sadiq  kişi zamanında  indiki  cavanların   çoxunun  beşiyi  başında  Suqrayla  yan-yanaşı  dayanıb  keşik  çəkmişdi.  Hamıda  xətri  vardı...

Kişilər  Cəlalı  çağırırb   apardılar.   Qonşulardan  biri   Bəhram  kişinin  qoluna  girib  onu  bir  qırağa  çəkdi:

 -Gör  neynirsən,  bir-iki  kömək  də  götür  get,  sənə  fanar  tutsunlar,  kişini  bu  gecə  basdırmaq  lazımdır...

Bəhram  kişi  daha  ağzını  açıb  bir  kəlmə  də  soruşmadı.  Əlbəttə,  vardı  bir  məsələ,   amma  bir  halda  ki,  qəsəbənin  demək  olar  ki,  bütün  camaatı  axşamın  gec   vaxtında  bu  həyətdədir,  deməli  belə  məsləhətdir.  Başını  tərpətdi:

 -Yaxşı,  di  ürəkli  uşaqlardan  bir  ikisini  yollayın,  nə  lazımdırsa  edək.  Allah  rəhmət  eləsin!

Qonşu  razılıq  elədi:

-Allah  razı  olsun. Əskik  olmayasan...

-10-

 Axır  vaxtlar  arvadı    tez-tez  yuxusuna  girirdi.   Hər  dəfəsində  də  qayğılı,  incik,  küskün  görünürdü. 

Üstündən  heç  zaman  keçməyibmiş  kimi,  evləndikləri  gənc  yaşlarındakı  gözəlliyiylə  gəlir,  lal-dinməz  dayanır,  dayandıqca  da  yaşlanır,  yanaqlarına  qırış  düşür,  gözləri  öləziyib  batır,  üzünün  sümükləri  arıqlayıb  çıxır,   sonra   kölgə  kimi  çəkilib  gedirdi.

Hiss  olunmaz  duman  görürdü  hər  dəfəsində,  ağappaq... Sadiq  kişi  baxa-baxa  qalırdı... Arvadını  göz  qabağındaca  yaşlanmasına,  qocalmasına  dözəmmirdi,  amma  əlindən  də  bir  şey  gəlmirdi... Qan-tər  içində  oyanır,  eşim-eşim  eşələnir,  yenidən  yuxuya  gedirdi...

Son    dəfəsində   gəlib  yanında  oturdu  Suqra.  Masa  həyətə  qoyulmuşdu.  Süfrə  açılmışdı,  yemək   düzülmüşdü.  Sadiq  ilk  şüşədən  özünə  içki  süzdü,  amma  içəmmədi,   arvadı  əlini  uzadıb   araqla  dolu  iri  stəkanı    götürdü,  içindəkini  gülə-gülə   kənara,  həyətin    otlarının  üstünə  tökməyə  başladı.  

Yamyaşıl  otlardan  tüstü  qalxdı,   yanıb  qaraldı  otlar.  Nə  işdisə  Sadiq  kişi  göz  qabagında  yanan  yaşıllığın  gözəlliyinə  heyfləndi,  sinəsində   ağrı  duydu. 

Arvadı stəkanı  qaytarıb   süfrəyə  qoydu,  elə  gəldiyi  kimi  də  durub  getdi,  yenə  ağappaq  dumanın  içinə  qarışdı.

Sadiq  kişi  arxasıyca  baxdı,  baxdı,  birdəncə  anladı  ki,  ilk  dəfədir  Suqra  necə  gəlmişdisə  elə,  cavanca,  gözəlcə  qayıtdı  gəldiyi  yerə...

Oyandı.  Səhər  açılmışdı,  gün  xeyli  qalxmışdı.  Əynini  geyinib  eyvana   çıxdı.  Gəlin  həyətdə  toyuqlara  yem  səpirdi,  qocanı  görüb   əlindəki  qabı  yerə  qoydu,    suyum  açıb  əllərini  sabunlaya-sabunlaya   səsləndi:

-Düş  ay  ata,  əl-üzünü  yu,  mən  yeməyini  qoyum. 

 Nizam  əvvəlki   nizamdı,    bu  evdə  təkcə  gəlininin  sözünü  eşidirdi,  onun  qabağında  uşağa  dönürdü.  Bilirdi    onu  çox  istəyir.   Evə  sərxoş  döndüyü  zamanlarda  bulanıq  gözaltı    hamını   süzür,  xəcalət  çəkirdi. 

Anlayırdı   ki,  oğlundan,  nəvəsindən  fərqli    olaraq   gəlin  ona  hirslənmir,   təkcə  elə  içməyini    dərd  edir.   Bəzən  yarı  sərxoş  olsa  da   özünü   tamam  kefli  göstərir,  gəlinin  ürəyini  ağrıdan  baxışlarından  qaçmaq  üçün   erkəndən  yerinə  girib  yatırdı.

Bacarmırdı,  bacarammırdı,  elə  bu  gəlinin  xətrinə  yüz  dəfə  özünə  söz  versə  də   sözünün  üstündə  durammamışdı...  Oğlu  əsirdi,  coşurdu,   nəvəsi   yalvarırdı,  amma  bu    eləcə  susub  baxır,  uzaq  başı   ərini,  oğlunu  sakitləşdirməyə  çalışırdı...

...Gəlin  çayını  şirinlədi,  çörəyini  dilimləyib  qaba  yığdı,  ağartı,  yumurta  gətirdi...  Başını  buladı,  iştah  deyilən  şey  yoxuydu,  candərdi,  yıxılmamaq    xətrinə  ağzına  loxma  atırdı...

Gəlin  süfrəni  qaydasına  sala-sala söhbətindən  qalmırdı:

-Ata,  mən  kəndə  dəyib qayıdıram.  Gedim  bir  anama  baş  çəkim,  yemək  bişirib  qoymuşam  soyuducuya,  Tərlana  tapşırmışam.  Sən  Allah,  həyət -bacanı  yiyəsiz  qoymayın,  bu  da  başdansovdudu,  boş  buraxma-eyvanın  bir  tərəfində  oturub  telefonunu  qurdalayan  oğluna  işarə  elədi-gedib  başı  qarışacaq   uşaqlara,  mal-qara  qapıda  qalacaq.  Axşama  qayıdaram,  çatdırmasam  da  səhər  evdəyəm...

Oğlu  gülümsədi.   Hamı  bilirdi  ki,  Sadiq  kişi  nə  həyət-bacaya  baxandı,  nə  evdə  oturan,  elə  gəlinin  dalıyca  başını  atıb  gedəcək,  oturacaq  həmişəki  kimi   kəndin  çayxanasında,  içib  axşamtərəfi   qayıdacaq,  ya  da  xəbər  edəcəklər  gedib  Tərlan  maşına   qoyub   gətirəcək...

Gəlin  oğluna  göz  ağartdı.  Hər  nə  olur  olsun,  illərdi  ki, bu   beləydi  və  illərdi  ki,  gəlin  hər  şeyi  qaynatasıyla  məsləhətləşir,  hər  nə  oldu,  kim  xəstədi,  kim  gedib,  kimin  mal-qarası  itib,  kim  evlənib,  kim  boşanıb,  hər  şeyi   danışırdı. 

Sadiq  kişi  onu demək  olar  ki,  dinləmirdi,  üstəlik  yaddaşını  xeyli  itirmişdi,  bəzən  heç  qonşularının,  qohumlarının  adını  xatırlayammırdı,  bəzən  də  adama  baxır,  kim  olduğunu   ayırd  edəmmirdi.   Gəlin  ümüdünü   üzmür,  israrla  və  səbrlə  onun  yaddaşını  oyatmağa  çalışırdı.  Sanki  hamının   öyrəşdiyi  həqiqəti  təkcə  o  qəbul  etmir,   olanlarla   barışmaq  istəmirdi.

 Qoca  yuxusunu  xatırladı,  İçindən  bir  tərpəniş  keçdi,  loxması  ağzında  böyüdü,  o yan-bu  yana  çevirib  zorla  uddu,  bir  udum  çay  alıb  başını  yellədi:

 -Yaxşı...

 İçməyəcəkdi,  nə  olur  olsun,  bu  gün  içməyəcəkdi!

 ...Gəlin  süfrəni  yığışdırıb  çıxıb  getdi.  Getməmişdən  əvvəl  də  Tərlana  bərk-bərk  təpindi:

 -Ora-bura  qaçıb  babanı  tək  qoyma...

 -Güya  evdə  oturacaq?

 Nəvəsi  düz  deyirdi,  gəlin   qapıdan  çıxar-çıxmaz  durub  getdi  Sadiq  kişi...

 ...Çayxananın  həyətindəki  tut  ağacının  altı  xeyli  sərindi.   Bura  sözsüz-söhbətsiz  onun  yeriydi.  Yoxa  çıxdığı  günlərdə  də  yerində  məcbur  olmasaydılar  oturmazdılar. 

Yox,  iyrənib  eləmirdilər,  allah  rizası  əyni-başı,  əl-ayağı  tər-təmiz  olardı,  iy-miy  də  gəlməzdi.

Onsuz  da  hər  gəlişindən    sonra  bir  gün,  iki  gün,  bəzən  hətta  üç  gün  görünməz,  qayıdanda  da  tər  təmiz  qayıdardı.  İçəndə  də  öyüyən,  qusan  adəti  yoxdu... 

Çayçı  Nəsib  onu  adət  etdiyi  sakitliklə  salamladı.   Əldə-ayaqda  hərlənən  işçisini  çağırıb  masasına  bir  çaynik  təzə  dəm  çay  göndərdi.  Araq  sonra  gedəcəkdi...

Sadiq  kişi  başıyla  razılıq  yollayıb  çayını  səbrlə  içdi.  Biçin  vaxtı  olduğundan   kişilərin  çoxu  sahələrdəydi,  çayxananın  sakitliyi  axşamacan  pozulmayacaqdı.

Bir-iki  qoca  masalardan  birinin  başına  yığılıb  nərd  atırdı.  Uzaqdan-uzağa  bir  müddət   nərdtaxtada  sürüşdürülən   daşların  şaqqıltısını  dinlədi.  Çox  keçmədən  səslər   beynini  döyəcləməyə    başladı.   

Sonra səs  olmaqdan  çıxıb   ip   kələfinə  döndü,  dağılmağa,   dolaşmağa,  qarışmağa    başladı.   Qeybdən  bir  it   çıxıb   hürə-hürə  üstünə  cumdu.

İllərdi  beləydi. İllərdi  eşitdiyi    səslər   get-gedə  dəyişib  üstünə  hücum  çəkən  itin    hürməsinə çevrilir, dizləri  əsir,  ayaqları  tutulur,  quruyub  qalırdı.  Ta  ki,  içib  kütləşincəyədək.

Hər  əlli  qramdan  sonra  it  bir  addım  geri  çəkilir,  geri  çəkilir,  sonra  tamam  yoxa  çıxırdı.  Neçə  illərdi  bu  it  hürüşünün  əlində  əsir-yesir  olmuşdu,  dili-ağzı  bağlanmışdı,  ha  istəyirdi  bağırıb –“Ay  it,  rədd  ol”-desin,  alınmırdı  ki,  alınmırdı...

İllərdi  əzab   çəkir,  qorxularını     açıb  bir  adama  danışmırdı.   İstəmirdi   adına  “dəli”  desinlər,  söz  qoşsunlar,  ocağa-pirə  çəkib  halına  yansınlar,  həkimə-dərmana  düşməkdən  də  qorxurdu,  elə  bilirdi  onu  dəlixanaya  salacaqlar,  orda  da  ölüb  gedəcək.   Eləcə  içində  çəkə-çəkə  bu  zülmün  nə  zaman  bitəcəyini   gözləyirdi...

...Sir-sifətinin  dəyişməsindən  çayçı  Nəsib  məsələni  anladı,  kiçik  boşqaba  göy-göyərti  yığdı,  pomidor-xiyar,  pendir  doğradı,  kiçik  piyaləyə  çüyüdlü  şor  qoydu,  kiçik  podnusa  yerləşdirib  gətirdi,  hamısının  Sadiq  kişinin  qarşısına  düzüb  araq  şüşəsini  açdı,  kiçik  rumkaya  içki  süzdü.  Həmişəki   xəbərdarlığından   da    qalmadı:

 -Nuş  olsun,  Sadiq  dayı.  Amma  deyirəm  istidir,  bu  istidə  araq  da  təsir  edir,  sən  Allah, az  iç..

Sadiq  kişi  başını  tərpətdi.  Nəsib  nə  biləcəkdi  ki,  qabağında  dirənib   dayanan,  qanlı  dişlərini  gözünə  zilləyib  üstünə  mırıldanan  zorba  itdən  can  qurtarmağın  başqa  yolu  yoxdur?    Nə  biləcəkdi  ki,   indi  Sadiq  kişi  onun  araq  süzməsini  necə  əzabla  gözləyir  ki,  içsin,   azacıq  rahatlıq  tapsın?

 Göy-göyərtiyə,  pomidor-xiyara,  pendirə  etina  etmədən  əlini  rumkaya  atdı,  qaldırdı  ki,  başına  çəksin,  birdəncə Suqra  hardansa  çıxıb  gəlib  durdu  qabağında. 

Bir   arvadına,  bir  də   çevrilib  bir  tərəfdən mırıldayan,  hürən,  səsini  kəsmək  bilməyən  itə  baxdı,  canına    başqa  cür  vic-vicə   düşdü.  Əlində  rumka  çaşıb  qaldı. 

Bir  də  baxdı  ki,  arvadı  elə  gecəki  yuxudakı  kimi,  əlini  uzadıb  rumkanı  ondan  aldı,  içindəki  arağı  ayağının  altına,  bərkiyib  daşlaşmış  torpağın  ustünə  boşaltdı.

Sadiq  kişi  ağappaq  oldu,  “indi  yanacaq”-deyə  fikir   doldu  beyninə,  amma   arağın  töküldüyü  yerdən  tüstü  qalxmadı,  əvəzində  bom-boz  döyənək  torpaq  parçasından  yam-yaşıl  otlar  göyərdi. 

Sadiq  kişi  göyərən  otlara  baxa-baxa  bir  də  hiss  elədi  ki,  arvadı  başının  üstündən  çəkilib  getdi,  onunla  bərabər  bayaqdan  üzünə  şöngüyən  zorba  it  də  yox  oldu...

...Nərdtaxtanın  başına  yığışan  adamlar  donub  qaldılar.  Belə  şey  hələ  indiyəcən  görünməmişdi,  Sadiq  kişi   dolu  rumkanı   başına   çəkmədi,  eləcə  əlində  saxlayıb  sonra  asta-asta   ayaq   altına  boşaltdı.

Qocalardan  biri    nəsə  olacağından  höllənib  Sadiq  kişiyə   tərəf  gedən  Nəsibə  işarə  elədi  ki,  “işin  yoxdur,  görək  nə  edəcək”?  Nəsib  çiyinlərini  çəkdi...

Sadiq  kişi  yerindən  qalxıb  tut  ağacının  altındakı  çayxana  həyətindən  uzaqlaşdı...

-11-

...Neçə  vaxtdı   qəbristanlığa  gəlmirdi. Cığır  boyu  sıralanan  məzar  daşlarına,  şəkillərə  baxa-baxa  irəliləməyə  başladı.  Aralarında  baş  daşına  qırmızı  yaylıq  bağlananı   vardı,  bəzilərinin    üstü  gül-çiçəkli,  səliqəliydi,   bəziləri     ot-alağın,  kol-kosun    içindəydi.

İlahi,  sanki  neçə  ildi  yatırmış,  birdən  oyanıb.  Qəsəbənin    yarısı  köçmüşdü,  mənzil  eləmişdi  qəbristanlıqda .  Bu  adamlar  nə  zaman  xəstələnmişdilər,  nə  zaman  qocalıb  qarımışdılar,  nə  zaman  ölmüşdülər? 

Cığırın  ortasında  dayanıb  ətrafına  boylandı,  hər  tərəfdən  üzünə  baxışlar  zillənmişdi,  cavanı-yaşlısı,  qadını-kişisi  ona  baxırdı.  Hamısını  xatırlayırdı,  tanış  üzlər,  tanış  adlar... 

Havanı  dinlədi...  Hardansa  quş  civiltisi  gəlirdi...   Dayandı,  dayandı,  gözlədi  görsün  quş  civiltisi  nə  zaman  dəyişməyə   başlayacaq?  Qorxu  gəldi,   qayıdıb    özünü  çayxanaya,  içki  şüşəsinə  çatdırmaq  istədi...   Amma  yerindən  tərpənmədi,  anlamışdı  ki,  quşlar  hələ də  oxuyur.  İrəlilədi...

Suqranın  məzarı  səliqəliydi.  Yamyaşıl  sarmaşıq   çiçəyi  qalxıb  məzar  daşına  dolanmış,  çiçəkləmişdi,  üstündə  qızılgül  kolu  düymələyib  açmışdı.  Əyilib  iylədi,  qızılgülün  ətri  ciyərlərinə  doldu. 

“Reyhanın  işidir,  halal  olsun”-gəlinini  deyirdi...  Gözünü    məzarın    yanındakı  boş  yerə  zillədi.  Bunu  o  zaman  nə  ağıl  etmişdi,  kimə  necə  başa  sala  bilmişdi,  yadında  deyildi,  amma  bilirdi  ki,  özü   üçün  saxlatdırıb.  “Eeeehhhh.... Gör  neçə  il  keçib,  ay  Suqra!”...

Sinə  daşının  ayağında oturdu, ona  elə  gəldi  ki,  Suqranın  baş  daşındakı  şəklinə  baxmağa  cəsarəti  qalmayıb,  haqqı  da yoxdur... 

“Bilirəm, incimisən  məndən. Gör  nə  zamandır    səni   tək  qoymuşam.   Elə  hey  özün  gəlirsən”.  Pıçıldaya-pıçıldaya   qəbrin  torpağını  oxşamağa  başladı,    dolmuşdu,   gözünün   yaşı    süzülüb   yaxasını  islatdı.

Əllərini   torpağa,  sarmaşığın  yarpaqlarına,  qızılgülün  qönçələrinə  toxundurduqca    üstündəki  ağırlıq  qalxırdı,   birdəncə   hönkürtüylə,  yanıqlı-yanıqlı,  ağlamağa  başladı.

...Ayağa  qalxanda   yüngülləşdiyini    duydu.   Baş  daşına  yaxınlaşdı,  göz  yaşlarının  arasından  arvadının  gülümsəyən  üzü  bir  başqa  görünürdü,  barmaqlarının  ucuyla     gözünü    silib  bir  də  baxdı...  Gözəllər-gözəli  Suqra.   Ehmalca    əyilib    arvadının  əksini  öpdü...  

...Birbaşa  evə  yollandı.     Həyətin  bir  başında   suyla  nəsə  əlləşən  nəvəsi  babasının    tez  gələcəyini  gözləməsə  də  darvazanın  səsinə  başını  qaldırıb  onu  görəndə    özünü  o  yerə  qoymadı:

-Baba?    Gəldin?

Başıyla  “hə”  işarəsi  verdi.  Suyun  səsi  fikrini  sahmanladı.  İllərdi  bu  qədər  uzun  çəkən  su  şırıltısı  eşitməmişdi.  Xeyli  dayanıb  suya  baxdı,  baxdı...  Birdən  xatırladı  ki,  səhər  gəlinin  danışdıqlarını  da  çox  aydın  eşidirdi...

Nəvəsi  onun  ayıq   qayıtmasından   xəbərsiz  arxasıyca  evə  qalxdı:

-Baba,  yatacaqsan?

Qoca  yatmaq  istəmirdi. İstəyirdi  eyvanda  oturub  göz  dolusu  məhlə-bacaya,  nəvəsinə  baxsın,  çay  süzsün    içsin,   nə  vaxtdan  bəri  tapammadığı rahatlıqdan  ləzzət  alsın.

Hələ  o  su  səsi!   Nə  zamandı  bu  cür  möcüzəylə qarşılaşmamışdı,  bu  cür  şirin  səs  duymamışdı.  Amma  qorxurdu,  qorxurdu  suyun  səsi  get-gedə  dəyişər,  yenidən  o  zorba  it  gəlib  durar  qabağında.

Otağa  keçdi,  paltarlarını  çıxarıb  səliqəylə  kətilin  üstünə  yığdı, yerinə  girdi,  adyalı   üstünə  çəkdi:

-İlahi,  min  şükür  sənə!

Həyətdən  hələ  də   su   şırıltısı  gəlirdi...   

Eləcə  yuxuya  getdi...

Tərlan   az  keçmiş   bir  də  qayıtdı,  qapını  aralayıb  babasını  dinlədi,  astaca  “Baba,  ay  baba?”-deyə  bir  iki  ağız  səsləyib  qapını  örtdü.  Qoca  yuxulamışdı...

  -12-

Gəlin nə  getdiyi  günün  axşamı,  nə  də  sabahı  günün  axşamı,   bir   də  üçüncü    günün   günortası  qayıda  bildi.  Qardaşının  arvadı  onu  görüb  sevinmişdi, neçə  gündən  bəri  diş  ağrısından  şikayətlənən    kiçik  qızını  göstərib:

-Səni  Allah  yetirib,  ananı  qoyub  gedəmmirəm,  bu  da  ki,  üç  gecədir  bizi yatmağa  qoymur.  Həkim  də  deyir  gətir  vaxtında  müalicə  edim,  çıxarılmasın  dişi,  heyfdir.

Qala  bilsəydin,  iki  günlük  şeydir,  aparıb  gətirərdim-deyincə  dilinə   “yox “-  gətirəmməmişdi.  Qardaşı   Bakıda  işləyirdi,  ayda-həftədə  bir  evə  baş  çəkə  bilirdi.  Anasının  hər  nazını  gəlin  çəkirdi,  utandı   “qalammaram”  deməyə... 

Evə   zəng  elədi,  qaynatasını  xəbər  aldı,  oğlu -“gəlib,  yatır,  yaxşıdı,  narahat  olma” -deyib  onu  rahatlatdı... 

 ...Dəmir  darvazadan  girib  eyvana  çıxdı.  Həyətdə  səssizlikdi.

- Tərlan, ay   Tərlan-deyib  iki  ağız  oğlunu  səslədi.  Hay  verən  olmadı. 

- Görürsən  bunu,  tapşırmışam  həyət-bacanı  tək  qoyma...

 Cəlal  biçindəydi,  qəsəbədən  çox  aralıydı,  iki-üç  gündən  bir  gəlir,  yuyunur,  əyin-başını  dəyişir,  evin  bazarlığını  eləyib   qayıdırdı. 

Gəlin  anasıgildə  qalacağını  biləndə  zəng  edib  oğluna  bərk-bərk  tapşırmışdı  ki, həyəti  çox  tək  qoymasın,  həm də  qocaya  nəsə  lazım  olar,  tez-tez  otağına  baş  çəksin.  Oğlu  onu  arxayın  eləmişdi.

Tərlan  elə  bil  iy  almışdı,  anasının  arxasıyca  həyətə  girdi.  Gəlin  ağzını  açmaq  istəyirdi  ki,  oğlunun  əlindəki  qəndi-çayı  görüb  susdu,  eyvana  qalxdı.  Qalxa-qalxa  da  qaynatasını  xəbər  aldı:

 - Baban  neynəyir?

- Neynəyəcək - uşaq  çiyinlərini  çəkdi - yatır  yenə.

Anasının  dalıyca  eyvana  qalxdı.  Gəlin  qaynatası  yatan  otağın  qapısına  əlini  uzadıb  xəbər  aldı:

-Qoyub  ora-bura  qaçmamısan ki?  Söz  tapşırmışam.

Oğlan  üz-gözünü  turşutdu:

- Güya  biz  kişini səndən  az  istəyirik...

Gəlin eşitməməzliyə  vurdu:

- Yoxlamısan?  Oyanmayıb  heç?

- Yox,  oyanmayıb,  elə  sən  gedən  axşam  gəlib  yatandı...   Yoluxmuşam,  dünən   nəsə  otağın  havası  ağırlaşmışdı,  pəncərələri  açdım,  sonra  gördüm  bir  az  da  isti  olur,  milçək  doluşur,  bağladım,  başqa  heç  nə...

“Ağirlaşacaq  da,  bu  istidə  tər  içində   yatır  yazıq...   Heç  olmasa  havalar  sərinləsəydi”...  

Qapının  açılmasıyla   gəlinin  ürəyinin   yerindən  oynaması  bir  oldu...   Otağın  ağırlaşmış  havasından ödü ağzına  gəldi:  “İraq  olsun,  nə olub  buna?”

Qaynatasının  yatağına  yaxınlaşıb üzüdivara  bir  böyrü  üstə  uzanan   kişinin  üstündən  üzünə  boylandı, nə  anladısa dəli  kimi  nazik  adyalı  çəkib  yerə  saldı.  Sinəsindən  dərin  bir  çığırtı  qopdu:

-Ay  aman!  Ay  aman!  Baban  ölüb,  ay  Tərlan!

Anasının  ardıyca  otağa  girən  Tərlan  key-key  dayanıb  bir  anasına,  bir  eləcə  yuxladığı  kimi  keçinən  babasına  baxdı...

Gəlin  bir  əliylə  dartıb  yaxınlaşan  oğlunun  köynəyinin      yaxasını  cırdı:

-Sən  hara  baxmısan, hara  baxmısan? Başa  düşməmisən?

Oğlanın  gözləri  böyüyüb  yaşla  doldu.  Babasının  əlindən  tutub  onu  silkələdi.  Qocanın  əlinin    özgə   soyuqluğundan   üşəndi. 

Silkələnən  qoldan  qəribə  şaqqıltı  səsi  gəldi.  Gəlin  əlini  atıb  qocanın    əlini  oğlunun  əlindən  qopartdı:

-Əl  çək,  əl  çək,  ölüb!

Qocanın  yatağının   yanındaca  çöküb  dizinə-dizinə döyməyə  başladı.  Saçları  dağılıb  sinəsinə  boynuna  dolaşdı,  harayı  yeddi  o  yana  qonşunu  tərpətdi.

Tərlan  qaçıb  telefonunu  götürdü,  əlləri  əsa-əsə  atasına  zəng  elədi.  Gəlinin  harayına  əvvəl  yaxın  qonşular,  sonra  qonşuların  qonşuları,  sonra  bütün  qəsəbə  yığıldı.

Qocalardan  kimsə  dolabdan  təmiz  döşək    ağı   götürüb    qocanın  üzünə  çəkdi,  qadınlara  işarə  elədi  ki,  gəlini  qaldırıb  otaqdan  çıxarsınlar.    Sonra  əlinin  arxasıyla  yanağı  boyunca  axıb  gedən  göz  yaşını  silib  astaca  pıçıldadı:

-Sən  belə  ölməli  adam  deyildin,  ay  Sadiq  kişi!

...Cəlal  iki-üç    saata  ancaq   gəlib  çata  bildi.   Qapinin  qabağında  onu  oğlu  qarşıladı,  günahkar-günahkar  dayanıb  başını  aşağı  saldı,  qonşulardan  kimsə  Cəlalın  qəzəbli  baxışlarından  ehtiyatlanıb  qolundan  yapışdı:

-İşin  olmasın  uşaqla,  görmürsən  nə  haldadı?  Uşaqdı,  birdən-ikidən  ölənmi  görüb,  nə  başa  düşəcəkdi?   Sən  də  bir  yandan  yandırma   uşağı,  cavandı... Qisməti  beləymiş  rəhmətliyin...  

Düyünlənmiş  yumruğu  boşaldı,  sürünə-sürünə  çatdırdı  özünü  evin  qabağınacan,    heyi  qalmadı   eyvana  qalxsın,  elə  pilləkənin  ayağındaca  dizləri  qatlandı,  hərə  bir  tərəfdən  qolundan  yapışdı.

İçəri  otaqdan  çıxıb  günahkar-günahkar  boynunu  bükən      arvadının   üzünə  baxa-baxa  qaldı,  gəlinin    yarı  canı    getmişdi,  başını   qaldırıb  ərinə    baxammadı.  Cəlal   səsini  çıxarammadı. Qonşulardan  kimsə  qulağına  pıçıldadı:

 -Lazım  deyil. Azmı çəkib  əziyyətini?

   -13-

Axşamdan  xeyli  keçmiş   həyətdəki    adamlarda  canlanma   yarandı.  Kişilər  sıxlaşıb   meyit  namazına  durdular,  qadınlar  eyvana,  həyətin  bir  tərəfinə  yığılıb    dayandılar,  əllərini  duaya    qaldırdılar.  Gəlin    ayaq  üstə  zorla  dayanırdı.  İçini  çəkdikcə    sinəsindən  xırıltı  qopurdu.

Molla üzünü  camaata  tutdu:

-Ay camaat, halallıq verirsinizmi? 

Həyətdən  qalxan səs qəsəbənin bir ucundan o biri  ucuna  yayıldı:

-Halal  olsun!  Halal  olsun! Halal  olsun!

Qadınların   titrək  hıçqırıqıarının  müşayətiylə  namaz  qılındı.

Mollanın  işarəsiylə   onlarla  cavan  cənazəyə  yaxınlaşdı, onlarla  çiyin  tabutun  altına  girmək  üçün  növbəyə  durdu...  

-Hanı  başının  altındakı  daş? - deyə  kimsə  soruşdu... 

Sadiq  kişinin  gəlini  sual  verən  kimdirsə,  üzünə  boş-boş zilləndi, kölgə  kimi   irəliləyib   həyətin  bir  tərəfində açıq  qalıb  şırıl-şırıl  axan bulağın suyundan  bir  parç  doldurdu, dəmir  darvazadan  çıxıb  gedən  adamların  arxasıyca  atdı...

...Qəsəbənin  içindən  keçib  gedən  adamların  yandırdığı  fənərlərin  işığı  işıldaquşlar  kimi yanıb-sönürdü. 

Qəsəbənin  bütün  itləri  susmuşdu...

                                                                                               2015