- 1. Ədəbiyyatda hadisələrə (Yazdıqlarınıza) bəzən ciddi yanaşmayın. Saymazyana, gözüucu, gözaltı baxın. Ədəbiyyatla yox, həyatla məzələnin.
Mövzuya qalib gəlməyin. Qoy mövzu sizə qalib gəlsin. İroniya ciddi münasibətdən güclüdür. İroniyanı bacarın. Bu dünyada ən güclü baxış gözucu baxmaqdır.
Divardakı ən kiçik bir nöqtəni dörd gözlə baxsan görə bilməzsən. Amma gözucu baxsan ovcunun içindədir. Mövzu da belədir. Gərək mövzuya gözucu baxasan. Xəlvət, gizli baxasan, onu güdəsən, izləyəsən.
Yoxsa üstünə paya ilə yüyürsən mövzunu qacıracaqsan. Evlənəndə nahaq yerə demirlər ki, gözaltın var? Mövzu da bu cür.
2. Ən çox həyat oxuyun. İnsan oxuyun. Kitabdan da çox. Həyatı yazıya gətirməyin texnikasını kitabdan öyrənin.
3. Keçmişə güllə atmayın. Çünki gələcək sizi topa tutacaq. Keçmişdən öyrənin, ondan yazın. Əslində ədəbiyyat üçün iki zaman var. Keçmiş və gələcək.
İndiki zaman bir saniyədən də azdı. Gələcəkdən də xəbərdar deyilsiniz. Demək, əsas mənbə keçmişdir. Keçmiş həm də gələcəkdir. Keçmişi hisslərlə tədqiq edin... Ədəbiyyat alınacaq. Poeziya ən çox hisslərlə bağlıdır.
4. Folklardan bərk yapışın. Yas yerlərində arvadların edilərinə qulaq asın. Dastanlarımızı, xüsusən, “Koroğlu” və “Kitabi-Dədə Qorqud” dastanlarını, M. Füzulunu, xüsusən “Leyli və Məcnun”u, Cəlil Məmmədquluzadəni, Ü. Hacıbəyovu, Ə.B.Haqverdiyevi dönə-dönə oxuyun.
Kəndin dilinə tez-tez qayıdın. O dillə ədəbiyyata gəlin.
5. Hərdən özünüzü siqaretə, içkiyə, qadına çırpın. Görün həyatı unutmamısınız ki? Görün insanlıqdan çıxmamısız ki?
Yəni özünüzü kişi, qadın kimi saxlaya bilmisinizmi? Harda kişiliyinizi və qadınlığınızı itirmizinsə, sən öl, ondan sonra yaza bilməyəcəksiniz.
6. Qibtə elədiyiniz şairləri “öldürün”. Onların əsarətində yaşamaq zülümdür. Sevdiyiniz şairin imperiyası altında yaza bilməyəcəksiniz.
Onu “öldürəndən” sonra başqasını tapın. Sonra onu da “öldürün”. Sonra daha bir başqasını... Beləcə davam edin. Yazacaqsınız.
7. Yaxşı şeir yazmaq üçün hərdən çoxlu zəif şeirləri oxuyun. Və bu xarabalıqlar üzərində öz qəşəng misralarınızı ucaldın.
8. Şeirlərinizin sonunda həmişə oxucuya bir abzas yer saxlayın. Qoy oxucular həmin o abzasdan başlasın. Seirlərinin sonunda oxucu üçün yer saxlamayan şairləri unudun. B.Vahabzadənin yazdıqlarını tərsinə yazın. İlham atınızı daşlığa sürün.
9. Ədəbiyyatda bütün texniki qaydaları pozun. Qoşmanı uçurdun. Qafiyələri məhv edin. Hazırki sərbəst şeirin meyidini yerdən götürün və dağıtdıqlarınızı ağlayın, bu ağlamaqdan yeni şeir alınacaq.
10. Hər dəfə yazmaq istəyəndə deyəcəyiniz fikri ya mahnı kimi, ya da muğam kimi oxuyun. İntonasiya tapılacaq.
Səsiniz həmin şeiri düzəldəcək. Hər şey qaydasınca doğulacaq. Çünki şeir səsin lent yazısıdır.
11. Demirəm vicdanlı olun, demirəm insan olun və ya vətənpərvər olun, çünki bunları deməyə nə ehtiyac var, əgər adınızın altından şair sözü yazılırsa...