M.Əliyeva təşkilat komitəsinin sədri oldu

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, uğurla başa çatan ilk Avropa Oyunlarının ardınca Bakıda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artıracaq və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.

Sərəncama əsasən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin edilib.

Sərəncamla həmçinin təşkilat komitəsinin üzvləri müəyyən edilib.

Təşkilat Komitəsinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, gənclər və idman naziri Azad Rəhimov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat və sənaye naziri

Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, daxili işlər naziri Ramil Usubov və digər ölkə rəsmiləri daxildir.