-
Kreml bildirir ki, Rusiya prezident Vladimir Putin bu ayın sonunda BMT-yə səfəri zamanı amerikalı həmkarı Barack Obama ilə görüşə açıqdır.
“Prezident Putin dialoqa həmişə açıqdır, xüsusilə də həmkarı Prezident Obama ilə,” Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 15-də deyib.
Ancaq onun sözlərinə görə, Putin belə bir görüşün keçirilməsini istəsə də, hələlik planda yoxdur.
Ağ Evin sözçüsü Josh Earnest isə deyib ki, Putin-lə Obama Nyu Yorkda görüşə bilərlər, ancaq o, hər hansı planın olduğunu təsdiqləyə bilməz.
Putin BMT Baş Assambleyasında çıxış üçün sentyabrın 28-də Nyu Yorka gedəcək.
İki prezident sonuncu dəfə 2014-cü ildə Pekində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində görüşüblər.
Ötən il başlanmış Ukrayna münaqişəsindən sonra ABŞ-Rusiya münasibətlərində Soyuq Müharibədən bəri ən pis qarşıdurma yaranıb.