«Qəbələ» fərqli futbol vəd edir

Qəbələ, arxiv fotosu

-

Avqustun 27-də Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Avropa Liqasının play-off mərhələsində Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxacaq.

“Qəbələ”nin baş məşqçisi Roman Grigorchuk bildirib ki, bu dəfə fərqli futbol göstərəcəklər: “Bütün futbolçuların özlərini tamamilə oyuna həsr edəcəyinə əminəm. Komandamız bu matça tam hazırdır. İlk oyunla müqayisədə fərqli futbol göstərəcəyik. Buna səbəb stadionun ot örtüyünün çox yaxşı vəziyyətdə olmasıdır. Bu, hər iki komandaya baxımlı oyun nümayiş etdirmək imkanı verəcək. Yetirmələrimin bunu rəqibindən daha yaxşı edəcəyinə inanıram. Ot örtüyünün gözəl olması bizə öz oyunumuzu göstərmək imkanı verəcək”.

Komandanın rəsmi məlumatına görə, baş məşqçi Afinada keçiriləcək qarşılaşmada qələbənin vacibliyindən də danışıb: “Bu görüşdə əsas bizi qane edən nəticəyə nail olub, qrup mərhələsinə vəsiqə qazanmağımızdır. Komandamıza qol vurmaq lazımdır. Biz də çalışacağıq ki, rəqib qapısına qol vuraq. Bunu bacarsaq, yaxşı olar. Nəticə əldə etmək üçün hücumdakı oyunumuz böyük əhəmiyyət kəsb edir. Müdafiənin mərkəzinə görə narahat olmaq lazım deyil. Arxa xəttin yox, komandanın necə oynaması əhəmiyyət daşıyır. Biz çox hücum etsək, rəqibə az imkan verəcəyik. Cavab oyununda mümkün qədər çox hücum edəcəyik. Səhərə qədər oynamağa, penaltilər seriyasında 100 zərbə vurmağa da hazırıq. Yetər ki, qələbə qazanaq”.

İlk oyunda heç-heçə qeydə alınmışdı: 0:0.