Prezidentliyə eks-namizəd Belarusa qayıdıb

Mikalay Statkevich, Minsk, 22 Avqust 2015

Belarusda prezidentliyə namizəd olmuş Mikalay Statkevich əfv olunduqdan bir neçə saat sonra Minskə gəlib.

Mikalay Statkevich 2010-cu ildə president seçkilərində əsas namizədlərdən biri olub. Kütləvi aksiyalarla müşayiət olunan həmin seçkidən sonra hazırki prezident Alyaksandr Lukashenkanın 9 rəqibindən 5-i həbs edilərək “kütləvi iğtişaşların təşkili” ittihamı ilə müxtəlif müddətə həbs cəzasına məhkum edilmişdi. Mikalay Statkevich 6 il müddətinə həbs edilmişdi.

Prezident Lukashenkanın əfv fərmanl ilə 5 ilə yaxın həbsdən sonra azadlığa çıxan Statkevichi Minsk dəmiryol vağzalında onlarla tərəfdarları, qohum və dostları, o cümlədən müxalifət liderləri qarşılayıb.

Aleksandr Lukashenkanın “humanist addım olaraq” avqustun 22-də imzaladığı əfv fərmanı ilə siyasi məhbus kimi tanınan daha 5 müxalifətçi - Mikalay Dedkov, Ihar Olinevich, Yauhen Vaskovich, Artsyom Prokopenko və Yury Rubtsov də azadlığa çıxıb.

Bu əfv fərmanı oktyabrın 11-də gözlənilən president seçkisindən iki ay əvvələ təsadüf edir.