Maye qazın qiyməti qaldırıla bilər

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev maye qaz qıtlığını yanacaq bazarında qiymətlərin uyğunsuzluğu ilə bağlayır. Onun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodu ölkənin tələbatına uyğun həcmdə maye qaz emal edir. Ölkədə tələbat 10-11 min kub metr olsa da, ötən ay zavod 16 min kub metr maye qaz emal edib: «Daxili bazarda maye qaz qıtlığı yoxdur. Qiymətlər natarazdır. Maye qazın qiyməti dizelə görə çox aşağıdır. Ona görə avtomobillər dizeldən, benzindən imtina ediblər. Buna görə gələcəkdə maye qazın qiymətinə baxılacaq».


Rövnəq Abdullayev jurnalistlərlə söhbətində Azərbaycan benzininin dünya standartlarına uyğun emalı üçün lazımi addımların atıldığını da deyib. Onun sözlərinə görə, ABŞ və Almaniya şirkətləri 2007-ci ildən yeni qurğuların inşasına başlayacaq və təxminən 2009-cu ildən yerli benzinin emalı beynəlxalq standarta uyğun emal olunacaq.