Üç böyük usta

Stefan Zweig'in evi, Petropolis

- "...Bu gün Dostoyevski taleyinin ən güclü bioqrafiyası hələ də Sveyqin qələmindən çıxandır."

"1881-ci il. Stefan Sveyqin doğum tarixi ilə Fyodor Dostoyevskinin ölüm tarixi qəribə şəkildə üst-üstə düşür.."

Malik Məmmədli

1881-ci ilin mistikası...

Stefan Sveyq, özünün usta işlərindən biri olan bioqrafik kitabının Dostoyevskidən bəhs edən hissəsinin başlanğıcında qəribə bir tərzdə qeyd edir:

"Kim özünü yaxşı tanıyırsa onu da yaxşı tanıyır... Onun taleyi sənədlərlə deyil, yalnız şüurlu bir sevgi ilə formalaşdırıla bilər".

Diqqətimi əvvəldən çəkən və fikrimi oxuduqca daha çox məşğul etməyə başlayan bu cümlə məndə kitabı qurtardıqdan sonra da qətiyyən yan keçə bilmədiyim narahat bir sual doğurur:

Sveyqin gəldiyi bu qənaət... nə qədər doğru idi? Çünki, çox uzağa getmədən, elə bioqrafiyanın (üçüncü hissəsinin) ilk cümlələrindən başlayaraq, bu fikrə kəskin şübhə duymağa başlayırsan, xüsusən də "şüurlu" sözü özünü inanılmaz həddə şübhəli aparır.

Sanki özündən asılı olmayan hansısa naməlum, kənar bir iradə, bütün hallarda, oxunulan bu sözlərin, ifadələrin şüurdan xaric, yaxud metafizik-ilahi bir başlanğıca malik olduğunu sənə qəribə şəkildə təlqin edir.

Və nəticədə, adam ilk baxışdan çox da hiss edilməyən bir ziddiyyətlə qarşılaşır: çünki, başqası yox, elə Sveyqin özü iddia edirdi ki, o, bu məsələdə, yəni hər üç taleyin təsvirində yalnız fərdi olaraq duyulan şeyləri göstərə bilər.

Lakin görünür, bu iddia Balzak və Dikens haqqında nə qədər doğrudursa, Dostoyevski haqqında da bir o qədər etibarsızdır. Elə isə, çox maraqlıdır, Sveyqdə "fərdi olanla" "ilahi olan" arasında hansı əlaqə vardı?

***

1881-ci il. Stefan Sveyqin doğum tarixi ilə Fyodor Dostoyevskinin ölüm tarixi qəribə şəkildə üst-üstə düşür..

1919-cu il, Salzburq. Stefan Sveyq 38 yaşındadır. Salzburq hələ bir neçə il, nasistlərin şəri Avropanı ağuşuna alıb Sveyqi dünənin dünyasının nostaljisi ilə baş-başa qoyana qədər, Friderike ilə onun 5 nömrəli villadakı xoşbəxtliyinə şahidlik edəcəkdi.

Sveyq yazıçı kimi də hələ kifayət qədər tanınmayıb - nə ona xeyli şöhrət gətirən çox əhəmiyyətli bioqrafiyalar (Romen Rolland, Nitsşe, Hölderlin, Kleyst, Freyd, Stendal, Balzak, Mesmer, Roterdamlı Erasmus, Tolstoy və.d.), nə "Naməlum qadının məktubu", nə "Şahmat", nə də "Amok" yazılıb.

Lakin çox keçməyəcək ki, irəlidəki bir neçə, elə yaradıcılığının Salzburq dövrü məhsuldarlığının nəticəsi olaraq, onu Avropanın ən çox oxunan və sevilən yazıçılarından birinə çevirəcəkdi.

Fyodor Dostoyevski

Hələliksə, ağrılı müharibə illərinin ardınca bəşəriyyətin ulduzlu saatlarından birinin reallaşacağına olan kəskin inamı onun dünyanımızı daha yaşana biləcək bir yerə çevirmək çağrışlarına təkan verir, daha səylə çalışmağa həvəsləndirirdi.

Elə bu illərdə Sveyqin on illik zəhmətinin nəticəsi olan bir kitab meydana çıxır: "Üç Böyük Usta". Üç ayrı təcrübə, biri Fransız, biri İngilis, biri də Rus olan on doqquzuncu əsrin üç ən böyük romançısının Sveyq duyumunun süzgəcində keçən üç ayrı tale hekayəsi bir kitaba yığılır: Balzak, Dikens, Dostoyevski.

Romen Rollandın aydınlıq və qaranlıq illərdəki sarsılmaz dostluğuna həsr edilən kitabın ön sözündə Sveyq yubanmadan qeyd edir:

"Burada Balzak, Dikens və Dostoyevskini on doqquzuncu əsrin ən böyük romançıları olaraq xarakterizə edirəmsə, bu, heç bir halda Hötenin, Gottfrid Kellerin, Stendalın, Floberin, Tolstoyun, Viktor Hüqonun və digərlərinin, xüsusilə Balzak və Dikens səviyyəsindəki yazıçıların, tamamilə fərqli əsərlər kimi roman anlayışını həddindən artıq üstələyən əsərlərini yox saydığım mənasına gəlmir.

Və hesab edirəm ki, mənim roman yazıçısı ilə romançı arasında gördüyüm daxili və sarsılmaz fərqi bu səbəbdən burada yenidən vurğulamaq lazımdır.

Romançı ən son, ən yüksək mənasıyla yalnız ensiklopedik düha, universal bir sənətçi və əsərin genişliyiylə içindəki fiqurların zənginliyi nəzərə alındığı zaman, bir kainat yaradan, öz şəxsləri, öz cazibə qanunlarıyla özünə aid dünya quran və yanına da özünə aid ulduzlu səma yerləşdirən adamdır...

Bu sənətçilərdən hər biri şəxslərinin zənginliyi yoluyla elə bütöv bir həyat qanunu, həyat anlayışı meydana gətirərlər ki, bunun sayəsində həyat dünyanın yeni bir formasına çevrilər.

Bu ən fundamental qanunu, bu xarakter formalarını örtülü bütünlükləri içində göstərə bilmək kitabımın ən əhəmiyyətli məqsədidir..."

Stefan Zweig

Roman yazıçısı ilə romançı arasında açıq-aşkar və mərhəmətsizcəsinə sərhəd qoyan Sveyqə görə bu üç böyük ustanın hər birinin öz sahəsi var:

Balzak cəmiyyətin dünyasını, Dikkens ailənin, Dostoyevski isə fərdin və insanlığın dünyasını izah edir.

Lakin Sveyq, bir neçə cümlə sonra, bu məsələdə narahat olduğu görünən bir şeyə diqqətimizi çəkir - Napoleonvari Balzakdan və bir qədər təəssüf və hirslə təsvir etdiyi Dikensdən fərli olaraq, kitabın az qala üçdə ikisini ona həsr etdiyi halda, Dostoyevski haqqındakı yazını yarımçıq, qeyri-kafi hesab edir; çünki, "onun sonsuz ölçülərini eynilə Hötedə olduğu kimi ən geniş düstur belə kifayət qədər əhatə edə bilməz."

***

"Üç Böyük Usta"nı oxuduqca adam bir daha Sveyqin təsvir qabiliyyətinin qüsursuzluğu ilə duyumunun mükəmməliyinə çaşıb qalır və onun "düşüncənin buz kimi zirvələrində, şüuraltının sirr dolu qaynaqlarında, yolsuz-izsiz həqiqət vahələrində həzlə dolaşan bir dahi" olduğuna şübhə yeri qalmır.

İnanın, bu kitab sona çatdıqdan sonra damağımda qalan dad heç nə ilə müqayisəyə gələn deyil.

Hər üç yazıçını, amma xüsusilə Dostoyevskini, ağlın və hissin süzgəcindən yenidən keçirib daha yaxşı başa düşdüyünü anlayırsan.

Bu nəhəngdə, çox sevdiyi ucsuz-bucaqsız rus çöllərinin topoqrafiyasını -"torpaq, qaya və meşə - faciəvi dərəcədə sadə bir mənzərə"- faciəvi şəkildə üzündə gəzdirən həmin kəndli, qaranlıq, az qala dilənçi çöhrəli Slavyanda heç vaxt diqqət etmədiyin məqamlara yenidən nəzər salıb çox qiymətli bir şey tapmış uşaq sevincəkliyi ilə ürəyinin hədsiz mütəəssirliyindən doymursan.

Lakin, bütün bunlara baxmayaraq, yenidən mətnin əvvəlindəki, hələ də ağlımı hədsiz dərəcədə məşğul edən, həmin suala qayıtmaq istəyirəm: çox maraqlıdır, görəsən, Sveyqin iddia etdiyi kimi, Dostoyevskidəki sonsuz ölçüləri (!) fərdi olaraq duymaq əslində mümkün idimi?

Bu, sadəcə pis bir yanılqı idi, yoxsa oxucunun fikrini arzuolunmaz sahədən başqa bir istiqamətə yönəltmək məqsədi ilə düşünülmüş qəsd?

Bizi belə bir çaşqınlığa salan odur ki, o dövrdə çox az yazıçıda tapıla biləcək yüksək psixoloji və filoloji fəhminin, özünəməxsus təsvir üsulu və dərin fəlsəfi düşüncəsinin fərqində olmasına baxmayaraq, Sveyqin özü belə Dostoyevski barəsindəki qeyri-kafilik qeydi ilə bu məsələdən şübhəli qaldığına eyham vurur, bunu hiss edirdi.

Lakin nə qədər təəccüblü olsa da, o, bunu həqiqətən bacarmışdı. Aradan keçən yüz ilə yaxın müddət də bu təcrübəni bir daha təsdiqlədi; bu gün Dostoyevski taleyinin ən güclü bioqrafiyası hələ də Sveyqin qələmindən çıxandır.

Bu halda, o, hansı mistik, yad və təyin edilməsi çətin yaradıcı qüvvə idi ki, Dostoyevskini bu cür ilahi möhtəşəmliyə qaldırmaqda Sveyqə yardımçı oldu? Təkcə fərdi duyummu?

Biz, bu gün həmin qənaəti qətiyyətlə rədd edib, tərəddüd etmədən bu məsələ barədə kəskin narazılığımızı elan edirik və bildirmək istəyirik ki, Dostoyevskini fərdi olaraq duymaq, həm də belə bir ustalıqla duymaq şüurluluğun sərhədləri daxilində öhdəsindən gəlinəcək iş deyildi.

Fərdi duyum, bəlkə də, Balzak və Dikens üçün müəyyən həddə doğrudur, Dostoyevski üçün isə qətiyyən.

Burada bütün işlər sanki ilahi bir sərxoşluqla görülmüşdü. Lakin görəsən, Sveyq özü bunu başa düşürdümü?..

Ədəbiyyatşünaslar bu gün hələ də onu Dostoyevski romançılığını bütləşdirməkdə qınamaqdadır.

Və Sveyqin Freyd psixoanalizinə göstərdiyi hədsiz maraq... Bu da əbəs yerə deyildi..

Dostoyevskidən bəhs edən, sanki mistik bir sərxoşluq içində, özünün Balzakın əlyazmalarını müşahidə edərək onun üçün təyin etdiyi diaqnozla - özünü aldatmanın sərhəddini şizofrenik aşma həddi - yazılmış həmin hissələrdən birini nəzərdən keçirək:

"Yaqub kimi fasiləsiz olaraq Mələklə boğuşmaq məcburiyyətindədir. Fasiləsiz Tanrıya üsyan edər və fasiləsiz Əyyub kimi qarşısında əyilər.

Əsla əmin ola, arxayınlaşa bilməz. Davamlı olaraq onu sevdiyi üçün cəzalandıran Tanrını hiss edər. Xoşbəxtliyi bir dəqiqə belə yaşaya bilməz ki, yolu sonsuza qədər uzansın.

Bəzən tale şeytanının hirsi soyumuş və hər kəs kimi həyatın normal yollarında getməsi üçün onu rahat buraxmış kimi görünər, amma təkrar-təkrar qalxar o böyük əl və onu kolluqlara, yandırıcı tikanların içinə geri tullayar.

Onu havaya sovurursa, bu sırf onu daha dərin uçurumlara salmaq, ona sərxoşluğun və ümidsizliyin dəhşətini göstərmək üçündür; onu ümidin zirvələrinə, digərlərinin şəhvətdən əriməyə başladığı yerlərə dırmaşdırar və sonra ağrının uçurumlarına, digərlərinin ağrıdan qıvrıldığı yerlərə atar:

Budur Əyyub kimi onu ən etibarlı olduğu anlarda yerə yıxmış, arvadını və uşağını əlindən almış, başına xəstəliklər sarmış, şərəfini və onu alçaltmışdır, ki Tanrıyla mübarizəsinə ara verməsin, dayanmaq bilməyən üsyanı və dayanmaq bilməyən ümidi daha da artsın.

Sanki bu zəif insanlar çağında xüsusilə bu bir nəfər, dünyada hələ necə nəhəng ölçülərdə həzz və ağrının mümkün olduğunu göstərmək üçün bu zəiflikdən məhrum edilmişdir və diqqət etdikdə Dostoyevski öz üzərindəki bu böyük iradəni bürkülü bir şəkildə hiss etmişdir.

Çünki heç bir vaxt taleyinə etiraz etməz, əsla yumruğunu qaldırmaz. Xəstə bədəni titrəmələr içində doğrulur. Bəzən məktublarından qan fışqırır kimi boğuq bir qışqırıq yüksələr, amma zehni və inancı bu üsyanı yatırar.

Dostoyevskinin daxilindəki mistik müdrik bu əlin müqəddəsliyini, bəxtin faciəvi və məhsuldar mənasını hiss edər. Ağrısı ağrını sevməyə çevrilər və iztirabının müdrik közüylə yaşadığı zamanı, dünyaya od vurar."

Bu gün, "Üç Böyük Usta"nın əlyazmasını tədqiq etmək çox maraqlı olardı...

Əfsus ki, hazırda əlimizdən yalnız onun "Kim özünü yaxşı tanıyırsa onu da yaxşı tanıyır" fikrinə əsaslanaraq müəyyən fərziyyələr irəli sürmək gəlir.

Fyodor Dostoyevskinin uşaqlıq fotosu

Çox güman ki, Sveyqi Dostoyevskini bu qədər ilahi sevgi, bu cür mahir sehrbazlıq qabiliyyəti ilə kəskin duymağa və aşırılıqla təsvir etməyə cəsarətləndirən, ona bu gücü verən, elə ifadə etdiyi kimi, özünü daha yaxşı tanımaq cəhdi, öz dərinliyini başdan-ayağa gəzmək məcburiyyətini anlamağın verdiyi qorxu, həzz və dünyanın ilk uşaqları üçün ruhunun min illərdir çəkdiyi həmin əlçatmaz müqəddəslikdəki saf həsrətdi.

Çünki ruhun bu sınağı və səfəri üçün gərəkli olan ilahi və şeytani başlanğıclar ilə mənəvi zəmin Dostoyeskidən başqa heç bir yazıçıda bu cür mükəmməliklə qovuşmur.

Sveyq üçün, yaxşılığın ruha və ağla rahatlıq verən tərtəmiz ucalan sonsuz səması, varlığının ən dərindəki gücü, insani sevginin ən yüksək həddi, dünyəvi ağrının sonsuz ovuntusu, dəhşətin içindəki böyüklük, qaranlıqdakı Tanrı Dostoyevkinin əsərlərinin dünyasında deyildisə, bəs onda harada idi?

Bura onun üçün insanlığın gəlinə biləcək ən son həddi idi. Lakin buranı təsvir edə bilmək üçün adi yazıçı qabiliyyəti yox, şüurluluğun xaricinə uzana bilən duyum, bəlkə də dəliliyin həmin şizofrenik həddi tələb olunurdu.

Belə bir qənaətə gəlmişəm ki, Sveyq özü bunu çox yaxşı başa düşürdü.

Beləliklə, ədəbiyyatın Tanrısı səviyyəsinə yüksəltdiyi, ikili həyatın qurbanı, bəlkə də insanlığın ən böyük ikiləşmiş şəxsiyyəti, dünyasını cənnət ilə cəhənnəm, Tanrı ilə şeytan arasına gərmiş insan, çağımızın yeni İsası adlandırdığı Dostoyevskini bu cür ilahiləşdirməkdə subyektivliyi dərhal nəzərə çarpan Sveyqin məqsədinin və təsvir gücünün üzərindəki sirr dumanı hələ də qalxmayıb.

Biz bu gün demək olar ki, yuxarıda verilən sualların heç birinin cavabını bilmirik, ancaq bir şey qətiyyətlə deyə bilərik:

"Onun taleyi sənədlərlə deyil, yalnız şüurlu bir sevgi ilə formalaşdırıla bilər" fikrində Sveyqin qəsdi hər nə olur olsun, bu iddia onun özü üçün doğru deyildi.