Sülh danışıqları alınmadı

Ukrayna hərbçiləri, arxiv fotosu

-

Ukraynanın şərqindəki münaqişəyə dair sülh danışıqları avqustun 3-də altı saatdan sonra dayanıb. Məlumatlara görə, tərəflər planlaşdırılan bufer zona üzrə razılığa gələ bilməyiblər.

Belarusun paytaxtı Minskdə keçirilən danışıqlarda məqsəd altı ay öncə imzalanmış atəşkəs sazişinin qüvvədə saxlanmasıdır. Saziş Ukrayna hökuməti ilə rusiyapərəst separatçılar arasında imzalanıb.

Son görüşlərdə 30 kilometrlik bufer zonadan kiçik silahların çıxarılması müzakirə olunur. Bufer zona separatçıları Ukraynanın qalan hissəsindən ayırır.

Donetsk separatçılarının təmsilçisi Denis Pushilin deyib ki, danışıqlar Ukrayna tərəfdən pozulub, belə ki, Kiyev dörd strateji mövqedən qüvvələrini çıxarmaqdan imtina edib.

Pushilin avqustun 4-də danışıqların davam edəcəyini deyib. “Ancaq çox güman ki, heç nə əldə olunmayacaq,” o, söyləyib.

Kiyev və Moskva təmsilçiləri jurnalistlərə danışmayıblar.

Ukraynaya Avropa müttəfiqləri təzyiq göstərir ki, bufer zonanın genişləndirilməsini dəstəkləsin. Ancaq avqustun 2-də Mariupolun Kiyevin nəzarətində olan hissəsində yüzlərlə sakin etiraza çıxıb. Onlar hökumət qüvvələrinin geri çəkilməsinin separatçıların yenidən irəliləməsinə səbəb olacağından narahatdırlar.