Kənan Hacı: "Xahiş edirəm, mənə kömək edin"

Kənan Hacı

- "Xəstəlik qara ciyərimi parçalayır"

Şair-yazıçı Kənan Hacının səhhətində ağır problemlər yaranıb. 8 ildir Hepatit C xəstəliyindən əziyyət çəkən Kənan Hacı maddi problemi olduğundan müalicə ala bilmir:

“Vəziyyətim pis idi. Baxdım ki, ayaq üstə dayana bilmirəm. Getdim həkimə, dedilər ki, səndə Hepatit C xəstəliyi var. İnanmadım, bir neçə yerdə analiz verdim, xəstəlik təsdiqləndi.

Xəstəliklə əlaqədar bir müddət yüngülvari müalicə aldım. Amma indi təkrar müalicəyə ehtiyacım var.

Bu xəstəlik elədir ki, həmişə həkim nəzarətində olmalısan. Mənim isə müalicə olunmaq üçün problemlərim var. Pulum olmadığından uzun müddətdir ki, müalicə ala bilmirəm.

Bunun da nəticəsində iş qabiliyyətimi itirirəm, ayaqlarım tutulur, yuxusuzluqdan əsəblərim korlanıb”.

K.Hacı deyir ki, xəstəlik qara ciyərini parçalayır:

“Ya Azərbaycanda, ya da xarici ölkələrin birində müalicə olunmalıyam. 6 aylıq müalicə üçün 15 min manat lazımdır. Xəstəliyin dərmanları bahadır, onu almağa imkanım yoxdur”.

Şair müalicə ilə əlaqədar bir neçə yerə müraciət etsə də, konkret cavab almayıb:

“Söz veriblər, amma ortada heç nə yoxdur. Xahiş edirəm, ilk öncə dövlətimdən, sonra imkanlı şəxslərdən mənə kömək edin, vaxtında bu xəstəlikdən qurtula bilim”.

AzNews.az