Kürd müxalifətinin lideri həbs oluna bilər

Selahattin Demirtas

Türkiyə prokurorluğu kürd müxalifətinin liderinə qarşı istintaq işi açıb.

Kürdpərəst Xalq-Demokrat partiyasının lideri Demirtash 2014-cü ilin oktyabrında keçirilən etiraz aksiyası zamanı insanları qızışdırmaq və silah işlətməyə sürükləməkdə ittiham olunur. Anadolu agentliyi həmin vaxt onlarla adamın öldüyünü bildirmişdi.

Əgər iş məhkəməyə getsə ona 24 il həbs cəzası kəsilə bilər.

Demirtash bundan bir neçə gün əvvəl isə bəyanat verərək Türkiyənin İslam Dövləti qrupuna qarşı başladığı əməliyyatı şou adlandırıb və əsas hədəfin PKK olduğunu bildirib.

Türkiyənin hərbi-hava qüvvələri PKK yaraqlılarının hədəflərinə yeni hücuma keçib.

Bundan əvvəl təhlükəsizlik qüvvələrinə hücum nəticəsində 5 Türkiyə hərbçisi öldürülüb.

Ankara deyir ki, bu hücumun arxasında kürd yaraqlıları durur.