Emin Millinin qayını ittihamları rədd edir

Emin Milli

.

“Meydan TV”nin direktoru Emin Millinin qayını, Nazim Ağabəyov ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Bu haqda onun vəkili Adil İsmayılov öz facebook hesabında yazıb. Adil İsmayılov Nazim Ağabəyovla dünən – iyulun 29-da görüşüb:

“Nazim Ağabəyov narkotik vasitələrin ona heç bir aidiyyəti olmadığını, həbsinin anlaşılmazlıq olduğunu bildirir. İstintaq təcridxanadakı saxlama şəraitindən şikayəti yoxdur”.

Nazim Ağabəyov Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.

İyulun 29-da Bakı Apellyasiya məhkəməsində də Nazim Ağabəyovun şikayətinə baxılıb və onun saxlanması barədə rayon məhkəməsinin qərarı qüvvədə saxlanıb.

Nazim Ağabəyovu iyulun 23-də evdən çıxıb işə gedərkən, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Onu Bakı şəhər Baş polis İdarəsinə gətiriblər. Polis burada onun üstün və maşını axtarıb və narkotik vasitə aşkar edildiyini bildirib.

Vəkil Adil İsmayılov

İyulun 24-də Nazim Ağabəyova qarşı külli miqdarda narkotik maddə saxlama ittihamı elan edilib. Xətai rayon Məhkəməsinin qərarı ilə o 4 ay müddətinə həbs edilib.

Vəkil Adil İsmayılov yazır ki, Nazim Ağabəyov da, onun valideynləri və həyat yoldaşı da həbsi bir anlaşılmazlığın nəticəsi hesab etməklə, ədalətin qısa zamanda bərpa ediləcəyinə ümid edirlər və bu məqsədlə respublika Prezidentinə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ediblər.

Emin Milli isə bir neçə gün əvvəl AzadlıqRadiosuna verdiyi müsahibədə bildirmişdi ki, hakimiyyət orqanları qayınını ona görə cəzalandırır. Emin Millinin rəhbərlik etdiyi “Meydan TV” Azərbaycan hakimiyyətinə tənqidi mövqeyi ilə seçilir.

Hələlik rəsmilərdən Emin Millinin ittihamları barədə hər hansı reaksiya yoxdur.