-
«Yeni Müsavat» qəzeti yazır ki, Rusiya özünün perimetri boyu «Yaxın xaric» ölkələrində hərbi cəhətdən möhkəmlənmək kursunu heç bir iqtisadi sanksiyaya məhəl qoymadan davam etdirir. Bu proses indi təkcə ilhaq edilən Krımda, Gürcüstanın işğal altındakı Abxaziya və Cənubi Osetiya bölgələrində, Dnestryanı ərazidə yox, həm də və ən önəmlisi, Güney Qafqazda - Ermənistanda, 102 saylı Gümrü hərbi bazasında intensiv şəkildə gedir.
Rusiya bu ərazilərdə hərbi parkını ən müasir sistemlərlə təzələyir, canlı qüvvə və texnikanın sayını artırır, çağırış sistemindən muzdlu orduya keçir.
«Bu gün Rusiya üçün əsas hədəflərdən biri Gürcüstan və Azərbaycandır». Bu fikri axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib. Onun fikrincə, Rusiya bütün tərəfləri provokasiyaya çəkmək istəyir:
«Rusiya üçün Cənubi Qafqaz dövlətlərinin müstəqilliyi qəbuledilməz olaraq qalır. Bu isə o deməkdir ki, Moskva növbəti addımını atmaq üçün sadəcə zamanın gəlməsini gözləyir. Bu gün Rusiyanın əsas hədəflərindən biri Gürcüstan və Azərbaycandır. Biri Avropa, digəri isə Asiya qapısı olan bu coğrafi bölgə ondan ötrü strateji önəm daşıyır. Rusiya beynəlxalq güclərlə mövqe mübarizəsində çox gerilədiyi üçün daxilinə çəkilərək, köhnə postsovet məkanında güclənmək istəyir. Bunun yolunu isə işğalda görür. Bizdə olan informasiyaya görə, Rusiya tarixdə ilk dəfə olaraq Ermənistan ərazisində «Qafqaz 2015-2016» kod adı altında ən böyük hərbi və kəşfiyyat təliminə hazırlaşır. Bu yeganə təlimdir ki, orda sadəc, Müdafiə Nazirliyi əsgərləri deyil, həmçinin Federal Təhlükəsizlik Xidməti (FSB) və Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı kəşfiyyat qrupları, Daxili İşlər Nazirliyinə tabe qoşunlar iştirak edəcək».
MİLLİ ŞURA PARLAMENT SEÇKİLƏRİNƏ GETMİR
«Azadlıq» qəzeti Milli Şuranın iyulun 24-də baş tutan növbəti sessiyasında olanları işıqlandırıb.
«Nəticəsi əvvəlcədən bəlli olacaq seçki adlı tamaşada rol almağa hazırlaşmırıq» – bunu sessiyada çıxışı zamanı AXCP sədri Əli Kərimli deyib.
Milli Şuranın sədri Cəmil Həsənli də hazırda seçkilərin keçirilməsi üçün minimum şəraitin olmadığını bildirib:
«Milli Şura üzvlərinin xeyli hissəsi hazırda həbsxanadadır. Bunlar ictimai-siyasi həyatda aktiv olan adamlardır.Ona görə də biz Milli Şura olaraq seçkidə iştirak qərarının qəbul olunmasında ilk növbədə bu həssas məqamı dəyərləndirməliyik».
AZƏRBAYCANA QARŞI YENİ İTTİFAQ
«Bizim yol» qəzeti yazır ki, Rusiya Azərbaycana qarşı yeni ittifaq qurur.
«Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranov və Rusiyanın Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı İlqar Qasımov Azərbaycanın bir qrup ictimai və siyasi xadimləri ilə birlikdə Azərbaycanda Avrasiya Hərəkatı yaradır.
Nəriman İmranovun və İlqar Qasımovun əsas məqsədi Azərbaycanda Putin-in Avrasiya İttifaqı ideyasını populyarlaşdırmaqdır. Bu günlərdə təşəbbüs qrupu hərəkatın rəsmi qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edib».
Qəzet vurğulayır ki, 2002-ci ildən Nəriman İmranov ictimai-siyasi fəaliyyətlə məşğul deyildi. Onun gözlənilmədən Rusiya Ədliyyə Nazirliyinin generalı ilə siyasi səhnədə peyda olması böyük marağa səbəb olub:
«Parlament seçkiləri ərəfəsində, eyni zamanda Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına qoşmaq üçün böyük səylər göstərdiyi zamanda adları Rusiya dairələrinə bağlı olan şəxslərin təşəbbüs qrupu yaratması təsadüfi görünmür».
13 MİNDƏN ÇOX İŞSİZƏ İŞ VERİLİB
yap.org.az yazır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən bu ilin birinci yarısında 13 min 676 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, hesabat dövründə DMX-nin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları tərəfindən əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif peşə və ixtisaslar üzrə qəbul edilmiş sifarişlər əsasında 1879 nəfər müvəqqəti xarakterli işlərə göndərilib. Bu dövrdə ümumilikdə 1800 nəfərədək işsiz və işaxtaran vətəndaş kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dərzi, qənnadıçı, aşpaz köməkçisi, mebel quraşdırıcısı və s. peşələr üzrə təhsil kurslarına, həmçinin 675 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.