Yəməndə humanitar atəşkəsdir

Yəməndən görüntü, 19 iyul, 2015-ci il

-

Yəməndən gələn xəbərlərə görə, iyulun 27-də səhər tezdən Səudiyyə koalisiyasının hava zərbələrində fasilə yaranıb, humanitar atəşkəs qüvvəyə minib.

Ancaq eyni zamanda Taiz, Marib, Lahj, eləcə də Ədən şəhəri yaxınlığından atışma xəbərləri gəlir.

Yaraqlıları hədəfə alan koalisiya bildirib ki, dinc vətəndaşlara humanitar yardımın çatdırılması üçün 5 günlük atəşkəs başlanır.

Daha öncə Taiz vilayətinə hava zərbələri nəticəsində azı 80 nəfər həlak olub.

Səudiyyə koalisiyası martdan bəri husi yaraqlıları və onların müttəfiqlərini bombalayır. Məqsəd mühacirətdə yaşayan prezident Abd-Rabbu Mansur Hadi hökumətini bərpa etməkdir.

Yəmənin 25 milyonluq əhalisinin 80 faizindən çoxuna yardım lazımdır.

İyulun əvvəlində BMT-nin razılaşdırdığı bir həftəlik atəşkəs baş tutmayıb.