«Rayon maşınlarının Bakıya girişinə qadağa qoyulmayacaq»

Abid Şərifov

-

«Bakı şəhəri rayon qeydiyyatında olan, respublikanın şəhər və rayonlarından, həmçinin ölkə xaricindən gələn minik avtomobilləri üçün açıqdır. Rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya girişinə heç bir məhdudiyyət qoyulmayacaq».

Bunu apa-ya açıqlamasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov deyib.

İyulun 23-də Komissiya «Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında» qərar qəbul edib.

Qərara əsasən, Bakıya gələn avtobuslar istisna olmaqla, digər növ avtonəqliyyat vasitələri üçün şəhərin girəcəyində ödənişsiz duracaqlar yaradılacaq.

A.Şərifov yeni qərarı belə şərh edib:

«Maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 7-dən axşam saat 10-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 7-dən axşam saat 9-dək məhdudlaşdırılacaq. Tikiləcək bu duracaqlar yük avtomobilləri üçün olacaq. Çünki rayondan gələn 10 tonluq yük avtomobillərinin dayanması üçün duracaqlar yoxdur. Bu yük avtomobilləri üçün duracaqlar təşkil edirik ki, şəraitləri olsun. O yük avtomobillərinin sürücüləri də insandırlar, yanlarında da bəlkə kimsə var, heç olmasa oturub orada çay içə bilsin. Duracaqlar pulsuz olacaq. Həmin şəxslər orada qalmaq istəməyəcəklərsə, duracaqlardan şəhərə avtobuslar, taksilər işləyəcək, avtobus və taksilərlə şəhərə gələ bilərlər».