-
İyulun 22-də The Washington Post Tehran müxbiri Jason Rezaian-ın həbsinin birinci ildönümündə buraxılması üçün BMT-yə təcili petisiya göndərib. Müxbir İranda casusluq və antihökumət təbliğatında təqsirli bilinir, 10 ildən 20 ilədək həbs cəzası ala bilər. Ailəsi ittihamları rədd edir
Washington Post-un icraçı redaktoru Marty Baron Vaşinqtonda Milli Mətbuat Klubunda keçirdiyi mətbuat konfransında deyib ki, bu işin hər bir aspekti insan haqlarının biabırçı formada pozulmasıdır.
BMT-nin sözçüsü Vannina Maestracci qəzetin petisiyasından xəbərdar olduqlarını bildirib. Sözçü deyib ki, sonrakı addımları BMT İnsan Haqları Şurasının Cenevrədə yerləşən Qanunsuz Saxlamalar üzrə İşçi Qrupu atacaq.
Adətən bu qurum ölkəyə təhqiqat sorğusunu cavablandırmağa 60 gün ayırır. Prosesi sürətləndirmək üçün “təcili tədbirlər” də görülə bilər.
İran əvvəllər bu qrupun qaldırdığı məsələlərdə əməkdaşlıq edib.