"Tanrı normal bir dünya yarada bilməyib"

Fərhad Yalquzaq

-

"Çıxırsan küçəyə, görürsən ki, hər yer avaralarla doludur - düşünürsən: əcəba, bütün cəmiyyət bu zir-zibildənmi ibarətdir?"

"Aqibət" hekayəsi ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş Fərhad Yalquzaqla söhbət

- Fərhad, bildiyim qədəriylə əksər ədəbi yarışmalarda iştirak edirsən, o cümlədən “Ədəbi Azadlıq”da. Lütfən, bir az müsabiqələrdən gözləntilərindən və “Ədəbi Azadlıq”da iştirak tarixçəndən danış.

­- Ədəbi yarışmalarda iştirakımın tarixi o qədər də uzun deyil. Ötən il "Ədəbi Azadlıq" yarışmasına ilk dəfə "Azadlıq ruhu" adlı hekayəmlə qatıldım və bu müsabiqədə iştirakım uğurlu oldu - belə ki, ilk cəhddən Qızıl Onluğa düşə bildim.

Fərhad Yalquzaq

Daha sonra Tərcümə Mərkəzinin keçirdiyi müsabiqədə rus yazarı Vladimir Saninin "Lənətlənmiş bəyaz" adlı povestindən çevirdiyim parçayla iştirak etdim. Mükafatçılar sırasına düşə bilməsəm də ilk onluğa düşə bildim.

Bəstəkar Elmir Mirzoyevlə

Bu il isə yenidən Azadlıq Radiosunun keçirdiyi "Ədəbi Azadlıq" müsabiqəsində bəxtimi sınamağa qərar verdim: "Aqibət" adlı hekayəmi yarışmaya göndərdim. Və budur, yenidən Qızıl Onluqdayam.

Müsabiqələrdən nə gözləntim ola bilər?

Günel Mövludla

Sadəcə, ədəbi mühitdə mütəmadi olaraq müsabiqələrin keçirilməsini yaxşı tendensiya hesab edirəm. Yeni imzalar ortaya çıxır, ədəbiyyat aləmində nə isə yaxşı bir hadisənin baş verdiyini görürsən. Gənclərin yazıya, kitaba maraq göstərməsi çox müsbət haldır.

Fərhad Yalquzaq

Çıxırsan küçəyə, görürsən ki, hər yer avaralarla doludur - düşünürsən: əcəba, bütün cəmiyyət bu zir-zibildənmi ibarətdir? Ancaq mesabiqələr keçirilir və baxıb görürsən ki yox, yazı-pozuyla da məşğul olan bir təbəqə var. Bu isə məni əlbəttə ki sevindirir.

Yazıçı Seymur Baycanla

- Yazıçı və rəssam kimi xeyli tanınırsan. Amma deyəsən, ədəbiyyata daha çox hobbi kimi yanaşırsan. Çoxlu vaxtın və pulun olsaydı, rəssamlıqla ədəbiyyat arasından hansını özünə peşə kimi seçərdin?

Müəllif: Fərhad Yalquzaq

- Rəssamlıq mənim çoxdankı seçimimdir. Vaxtımın və pulumun miqdarından asılı olmayaraq daha çox bu sənətə bağlıyam, özümü rəngkarlıqda daha məhsuldar hesab edirəm. Rənglərlə insanların qəlbinə və zehninə yol tapmaq daha asandır.

O ki qaldı ədəbiyyata, bəlkə də bunu hobbim kimi də qəbul etmək olar. Ancaq mənim üçün fikrimi sözlərlə ifadə etmək də çox maraqlıdır. Onu da deyim ki, rəssamların çoxu ədəbiyyata meylli olmuşlar, öz fikirlərini ədəbi dildə də çatdırmağı bacarmışlar.

Müəllif: Fərhad Yalquzaq

Vinsent Van Qoqun məktublarını oxuyun - ədəbiyyat nümunəsi deyilmi? Yaxud Salvador Dalinin gündəlikləri, Kandinskinin supermatik esseləri. Bəlkə də xoşbəxt adamam ki, hər iki sahədə fəaliyyət göstərməkdən zövq ala bilirəm.

Müəllif: Fərhad Yalquzaq

- Deyim ki, “Ədəbi Azadlıq”dakı hekayən məndə xeyli qorxu, təəssüf, mərhəmət hissi oyatdı. Belə anladım ki, hekayə xəyali bir diktaturada günahsız insanların təqibi və amansızlıqla cəzalandırılmasından bəhs edir. Mümkünsə özün bu hekayənin yaranma səbəblərindən bir qədər bəhs edərdin.

- Bəli, burada xəyali bir məkan təsvir olunur. Uydurulmuş bir Afrika ölkəsində avtoritarizm, diktatura hökm sürür. Obrazlar, hadisələr hamısı uydurulub.

Əlbəttə, mən CorcOruelin "1984" romanı kimi bir əsər yaratmaq iddiasından çox uzağam, bu hekayədə sadəcə olaraq həmin romandan aldığım təəssüratın bir əsintisi var.

Fərhad Yalquzaq

İnsanlar qorxu içərisində yaşayırlar, hər an həbs olunub öldürüləcəklərinin fərqindədirlər. Ölkədə total bir cəllad maşını işləyir. Mənim obrazlarım sakit, siyasətdən uzaq adamlar olsalar da, bu edam maşınından qurtula bilmirlər.

Dünya çox qəddardır. Saf insanların, yaxşı insanların aqibəti pis insanların qərarından asılıdır.

Müəllif: Fərhad Yalquzaq

Qara boyanın içərisinə nə qədər ağ boya qarışdırsan da, bozdan başqa rəng ala bilməzsən.

Qara isə çoxdur, lap çoxdur. Təkcə Afrika qara deyil, Asiya da qaradır,

Fərhad Yalquzaq

Rusiya da qaradır, İran da qaradır, Turan da. Yaxşı insanlar bu qaramatın içində yaşamağa məcburdur. Çünki sizin inandığınız Tanrı normal bir dünya yarada bilməyib. Səbəb isə normal bir insan yarada bilməməsindədir, çünki normal insan dünyanın bu kökə düşməsinə heç zaman şərait yaratmazdı.

- Düşünürsən ki, artıq ictimai qorxunun elə səviyyəsinə çatmışıq ki, yazarlarımız simvolik, xəyali məkanlardan, obrazlardan, adlardan istifadə etməyə başlamalıdır? Bəlkə də bu sənin daha böyük xof keçirməyindən irəli gəlir?

- Bayaq CorcOruelin adını çəkdim. O, gələcəkdə gördüyü bir qorxulu dönəmi "1984"də təsvir etmişdi. Bu gün biz yaşadığımız dünyaya göz salan zaman onun yazdıqlarının heç də fantastika olmadığını görürük.

​Dünyada diktaturanın bərqərar olduğu neçə ölkə var? Digər tərəfdən, əlbəttə, bəzi həqiqətləri tam açıq söyləyə bilmirik, çünki hansı dönəmdə və hansı cəmiyyətdə yaşadığımızın fərqindəyik. Məsələn, mən İslam haqqında olan fikirlərimi olduğu kimi yazıb ictimailəşdirsəm, bunun mənim üçün çox pis fəsadları olacaq.

Çünki savadsız cəmiyyət üçün söz azadlığının, ifadə azadlığının heç bir dəyəri yoxdur. Savadsız cəmiyyətdə mentalitetdən doğan doqmalar, klişelər var ki, onlar heç zaman bu tendensiyadan çıxa bilməzlər. Yazarlar məhz ona görə yazardır ki, onlar öz fikirlərini birbaşa yox, dolayı yollarla da çatdırmağı bacarırlar. Bir çox hallarda isə buna sadəcə olaraq məcburdurlar.

- “Ədəbi Azadlığın” hekayə onluğundakı digər hekayələri oxuyubsanmı? Hansı hekayə səni daha çox təsirləndirdi və onu qalibiyyətə daha şansı sayırsan?

- Yalnız bir hekayəni oxumuşam, ancaq müəllifin adını çəkməyəcəyəm. Hekayə məndə yaxşı təsir oyatdı. O ki qaldı kimin qalib olacağına - bunu bilmirəm. Özüm ilk üçlüyə düşə bilməsəm belə, bu mənim üçün faciə olmayacaq, zatən onluğa düşməyimi özümə böyük uğur sayıram.