Yerevanda elektrikin qiyməti dəyişməyəcək

Ermənistan hökuməti elektrikin qiymətinin qaldırılması barədə qərara yenidən baxmaqdan imtina edib. Bu arada Paytaxt Yerevanda etirazlar artıq ikinci həftəyə keçib

-

Ermənistan hökuməti elektrikin qiymətinin qaldırılması barədə qərara yenidən baxmaqdan imtina edib. Bu arada Paytaxt Yerevanda etirazlar artıq ikinci həftəyə keçib.

Baş nazir Hovik Abrahamian iyunun 25-də deyib ki, hakimiyyət “ölkənin enerji təhlükəsizliyinin təmin olunması” üçün tədbirləri davam etdirəcək. Avqustdan elektrikin qiyməti 16 faiz qalxır.

Ancaq baş nazir onu da qeyd edib ki, qiymət artımını kompensasiya etmək məqsədilə 105 min imkansız ailəyə dövlət yardımı artırılacaq.

Abrahamian etirazçıları şəhərin əsas yollarından birini boşaltmağa çağırıb. Yüzlərlə adam iyunun 25-də səhər Prezident sarayı yaxınlığında Baghramian prospektində yolu kəsib.

İyunun 23-də polis etirazçıları zorakılıqla dağıtmışdı.