Samboçulardan 4 gümüş gəldi

Azərbaycan samboçuları iyunun 22-də Avropa Oyunlarını 4 gümüş medalla başa vurublar.

Günün sonuna yaxın Azərbaycanı 100 kiloqramda təmsil edən Vasif Səfərbəyov finalda Artyom Osipenkoya (Rusiya) məğlub olub. Bununla da Azərbaycan idmançılarının medal sayı 39-a çatıb: 14 qızıl, 11 gümüş və 14 bürünc.

İyunun 22-də sambo yarışlarında tək Vasif Səfərbəyov yox, Azərbaycanın daha 3 idmançısı finalda qızıl medal şansını əldən verib.

Kişilər arasında 74 kiloqramda keçirlən yarışlarda Amil Qasımov finalda Stepan Popova (Belarus) məğlub olub.

Buna qədər isə 57 kiloqramda İslam Qasımov finalda rusiyalı Aymerqen Atkunova məğlub olaraq gümüş medala sahib olmuşdu.

Bu görüşlərdən əvvəl isə qadınlar arasında 52 kiloqramda keçirlən sambo yarışlarının finalında Azərbaycanı təmsil edən Nəzakət Xəlilova yenə Rusiya təmsilçisi Anna Xaritonovaya məğlub olduğundan gümüş medalla kifayətlənməli olmuşdu.

60 kiloqramda üçüncüluk uğrunda yarışda isə Şəhanə Hüseynova belaruslu Katarin Prakapenkaya məğlub olaraq bürünc medal qazanmaq imkanını da əldən vermişdi.