Avrozonada fövqəladə danışıqlara başlanır

Alexis Tsipras

İyunun 22-də Yunanıstanın baş naziri Alexis Tsipras avrozonanın 18 digər ölkəsinin liderləri ilə görüşməlidir. Məqsəd ölkənin borc böhranı üzrə razılaşma əldə etməkdir

-

İyunun 22-də Yunanıstanın baş naziri Alexis Tsipras avrozonanın 18 digər ölkəsinin liderləri ilə görüşməlidir. Məqsəd ölkənin borc böhranı üzrə razılaşma əldə etməkdir. Fövqəladə danışıqlar Brüsseldə olacaq.

Tsipras-ın ofisi bildirib ki, baş nazir razılaşma üçün Yunanıstanın təklifini də təqdim edib. İyunun 21-də Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Francois Hollande və AB Komissiyasının prezidenti Jean-Claude Juncker-lə telekonfrans keçirilib.

Avropa Komissiyasının rəsmisi Martin Selmayr iyunun 21-də tvitterdə yazıb ki, Yunanıstanın təklifi “irəliləyiş üçün yaxşı əsas verir”.

Yunanıstan iyunun sonunadək beynəlxalq kreditorlarla razılaşma əldə etməlidir. Əks halda Beynəlxalq Valyuta Fonduna 1.5 milyard avroluq (1.7 milyard dollar) kreditin ödənməsi üzrə defolt elan oluna bilər.

Yunanıstanın radikal solçu hökuməti sərt iqtisadi islahatları həyata keçirməkdən imtina edir. Yunanıstan Bankının rəhbəri iyunun 19-da aparıcı bankirlərlə görüşüb və onlara deyib ki, Brüssel danışıqları fayda verməsə, “çətin gün”ə hazır olsunlar.