İlham Əliyev: “Ədalət bərpa olundu”

Prezident İlham Əliyev, arxiv fotosu

Prezident İlham Əliyev iyunun 14-də I Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün təşkil edilən qəbulda çıxış edib

-

“Demokratikləşmə siyasəti, qanunun aliliyi, fundamental azadlıqların və insan hüquqlarının qorunması bizim siyasətimizin prioritetləri olub. Azərbaycanda bütün azadlıqlar - media azadlığı, senzurasız azad internet təmin edilir, əhalimizin 70 faizi internet istifadəçisidir. Siyasi fəaliyyət azadlığı, toplaşma azadlığı, din və vicdan azadlığı mövcuddur. Eyni zamanda, biz iqtisadi islahatlar nəticəsində müstəqil xarici siyasət yürüdürük”.

Bu fikirlər Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur. O, iyunun 14-də I Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün təşkil edilən qəbulda çıxış edib.

Ölkə başçısı bildirib ki, bu gün Azərbaycan dünyada çox yaxşı nüfuza malik olan dövlətdir. Prezident buna ən bariz nümunə kimi bir neçə il əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı namizədliyini irəli sürəndə 155 ölkənin dəstəyini qazanmasını göstərib. Əlavə edib ki, iqtisadi islahatlar olmasaydı, buna nail olunmazdı.

I Avropa Oyunlarının əhəmiyyətindən danışan ölkə başçısı 2012-ci il dekabrın 12-də qəbul edilən qərarı tarixi qərar adlandırıb:

“Biz miqyasına görə Yay Olimpiya Oyunlarından sonra ən böyük beynəlxalq idman tədbirini təşkil etmək imkanı əldə etdik. Avropa idmanı üçün isə bu, ədaləti bərpa edən qərar oldu. Çünki bildiyimiz kimi, digər qitələr uzun illərdir ki, öz Oyunlarını keçirirlər və yalnız Avropanın belə bir Oyunları yox idi. Buna görə də düşünürəm ki, bu, ədalətin təzahürü oldu”.

İlham Əliyev çıxışında Azərbaycanın qədin ənənəyə, tarix və tarixi şəxsiyyətlərə, multikultural cəmiyyətə malik olmasından da danışıb.

Onu da qeyd edib ki, bu gün böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı sabitdir, dayanıqlıdır və inkişaf edir:

“Son 10 il bizim iqtisadiyyatımızın görünməmiş inkişafı illəri olmuşdur. İqtisadiyyatımız 3 dəfə artmışdır. Biz yoxsulluğu 49 faizdən 5 faizə endirə bilmişik. İşsizlik 5 faizdən aşağıdır. Xarici borcumuz ümumi daxili məhsulun 10 faizindən azdır. Bu ilin yanvarında prezident Patrick Hickey ilə Avropa Oyunlarının təqdimatını etdiyimiz Davos İqtisadi Forumu Azərbaycanı qlobal iqtisadi rəqabətlilik baxımından 38-ci yerə layiq görmüşdür. Məhz bu islahatlar bizə gələcəyə nikbinliklə baxmağa imkan verir”.