Məscidi yandırmaqda suçlanan həbsdə qaldı

Qaraçuxur məscidi

-

Məhkəmə Bakının Qaraçuxur qəsəbəsindəki məscidə parlayıcı vasitə atmaqda təqsirləndirilən Elnur Ələkbərov barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirməyib.

Elnur Ələkbərovun və onunla eyni cinayətdə ittiham olunan Namiq Nəsibovun məhkəmə hazırlıq iclası iyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.

apa-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərdən Elnur Ələkbərovun vəkili Namiq Hacıyev müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və onun saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülmələri barədə vəsatətlər verib.

Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmənin baxış iclası iyunun 18-nə təyin edilib.

Ötən il noyabrın 26-da Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib.

Yanğın törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov barəsində terrorçuluq və qanunsuz odlu silahla bağlı cinayət işi başlanıb.

Rəsmi ittihama görə, Namiq Nəsibov həm də PKK terrorçu təşkilatının nəzarətində olan Suriya ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Geri qayıdandan sonra Elnur Ələkbərov ilə birgə PKK terrorçu təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi «Yekbun» təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplayıb. Bildirilir ki, onlar İslam dininin «Əhli-sünnə» təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı terrorçuluq aksiyasının törədilməsini planlaşdırıblar.