Obama Əliyevə insan haqlarını xatırlatdı

Əliyev və Obama, 2010

ABŞ prezidenti Barack Obama Azərbaycan prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik edib:

"1918-ci ildə dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd etdiyiniz zaman, bilin ki, Birləşmiş Ştatlar bütün azərbaycanlılar üçün daha çiçəklənən, daha demokratik gələcəyi həmin miras əsasında təmin edən Azərbaycan ilə əməkdaşlığa sadiqdir.

Azərbaycan müstəqilliyini qazandığı vaxtdan Amerika Birləşmiş Ştatları Azərbaycanın təhlükəsizliyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir. Biz bunu ikitərəfli münasibətlərimizi, bir çox sahələrdə tərəfdaşlığımızı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, Əfqanıstanda sabitliyin təşviqini və Avropanın enerji təchizatının şaxələndirilməsini yüksək dəyərləndirdiyimiz üçün edirik".

Obamanın təbrik məktubunda insan haqları haqda qeyd var:

"Tərəfdaşlığımız, həmçinin xalqlarımız arasında əlaqələr sayəsində güclənir. Bütün vətəndaşların fundamental azadlıqlarının təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək və hökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır".