Qızıl Xaç Komitəsi erməni hərbçisinə baş çəkib

Azərbaycan hərbi təlim keçirir, arxiv fotosu

-

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları ötən ilin dekabrında Ağdam rayonunda saxlanılan Ermənistan hərbçisinə baş çəkiblər.

Qurumun Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, hərbi əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb. BQXK əsirə bir neçə gün qabaq baş çəkib.

İ. Hüseynovanın sözlərinə görə, qurum mandatına uyğun olaraq, saxlanılan şəxslərin saxlanma şəraitini və onlarla davranışı monitorinq etmək, ailələri ilə əlaqə saxlanmasına yardımçı olmaq üçün baş çəkilir.

Rəsmi məlumata görə, 2014-cü il dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bu zaman Azərbaycan hərbçiləri tərəfindən bunun qarşısı alınıb.


Hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç də o zaman əsir götürülüb. O, Azərbaycan Cinayət Məcəlləsinin cinayətkar birlik-təşkilatda iştirak etmə, cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə, iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə və digər maddələri ilə ittiham olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Baqdasaryan Arsen Eduardoviç cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.