Gorbachev alkoqol qadağasının düzgün aparılmadığını etiraf edib

Mikhail Gorbachev

Keçmiş SSSR-i prezidenti Mikhail Gorbachev 1985-ci ildə tətbiq edilən alkoqol qadağasının düzgün aparılmadığını etiraf edib.

O bu kampaniyanın 30 illiyi ilə bağlı “Komsomolets” qəzetinə müsahibəsində deyib ki,baltanı kökündən vurmaq yox, yavaş-yavaş, planlı şəkildə hərəkət etmək lazım idi.

Bu kampaniya Gorbachevin hakimiyyətə gəlməsindən 2 ay sonra başladı.

Spirtli içkilərin satışına məhdudiyyət qolyuldu, alkoqollu içkilər bahalaşdı, araq şəkilməsində istifadə oluna bilən qənd talonla verilməyə başladı.

Keçmiş Sovet lideri bildirib ki, cəmiyyətin ayılmasını güclə həyata keçirmək olmaz, bunu yavaş-yavaş, planlı və içki düşgünlüyünə qarşı uzunmüddətli mübarizə yolu ilə etmək lazım idi.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə bu gün Rusiyada ölümlərin 30 faizi alkoqolla bağlıdır.

Rusiya hökumətinin hesabatına görə isə, prezident Putinin formalaşdırdığı sağlam həyat tərzinə görə, rusiyalılar son illər az içməyə başlayıblar.