Qadının şeir yazmasından qorxan kişilər

Sahilə İbrahimova

-

Kişilərin əqlən və mənən zəif, fiziki cəhətdən güclü olduğu patriarxal cəmiyyətlərdə erkəklər qadının səsini duymaq istəmir...

Sahilə İbrahimova

Şeir mövzusunda birinci yazımı ikinci yazımın başlığı ilə - Maya Ancelounun sözləri ilə bitirdiyimi qeyd eləmişdim. Beləliklə, ikinci yazı:

“QUŞ CAVABI VAR DEYƏ OXUMUR, MAHNISI VAR DEYƏ OXUYUR"

Bir neçə il öncə ərəb ölkələrinin birinə təlimə gedərkən, qohumumun israrı ilə yanıma oturdulan 13 yaşlı əfqan qızla ötəri tanış olmuşduq.

Mən kitab oxuyurdum, o, tabletdə oyun oynayırdı. Təyyarə yeməyi paylananda qız əlimi ağdan-qaraya vurmağa qoymadı, içkimi fincana boşaltdı, süfrəmi düzəltdi və yığdı.

Buna rəğmən, ona verdiyim sualları qısa cümlələrlə cavablandırır, mənimlə yaxından tanışlığa həvəssiz görünürdü. Əfqanıstanda qızlar məktəbində oxuduğunu öyrəndim.

Sonra təsadüfən BBC-nin həmən məktəb haqqında çəkdiyi reportajı izlədim. Məktəbi bir qadın öz vəsaiti hesabına açmışdı. Həyat və tədris fəlsəfəsi belə idi – imkanınız varsa, bir-birinizə kömək edin, qadının oxumağına yardımçı olun. Qız mənim təyyarədəki yemək işimi yüngülləşdirdi ki, oxumağa daha çox vaxt sərf edim.

Bu görüş əfqan qadınları haqqında daha çox şey oxumağa sövq elədi məni. Əfqan şairləri, həvəskar və peşəkar poeziya daşıyıcıları ilə virtual şəkildə tanış oldum. Əfqanıstan qadın olmaq üçün uğurlu yer deyil, bundan çoxumuz agahıq, belə olan halda orda kişi olmadan şairlik etməyin çətinliklərini də təxmin edə bilərik.

Əfqan qadınları

Əfqan qadınlarının, qadın şairlərin çətin həyatı haqda beynəlxalq ədəbi təşkilatlar, insan və qadın hüquqları ilə əlləşən birliklər müəyyən qədər məlumatlıdırlar.

Zarmina adlı əfqan qızın taleyini ilk dəfə Eliza Qrisvold dünyaya danışıb. Zarmina tez-tez gizli fəaliyyət göstərən radiostansiyaya zəng edib şeirlərini – landaylarını deyirmiş.

Landay əfqan qadınları arasında yayılmış şeir növüdür. Qadınlar bu misralar vasitəsi ilə öz hiss və duyğularını, kədər və sevinclərini bölüşürlər. Bu misralarda açıq-saçıq intim istəkdən tutmuş, siyasi mesajlar, şikayət, qəzəb, əzabacan hər şey var.

Landay əhvaldan asılı olaraq həm ağı, həm də alqış ola bilir. Zarminanın da belə şeir yazdığından, daha sonra onları radioda səsləndirməsindən xəbər tutan qardaşları onu döyür, işgəncə verir, qız təhqirlərə dözmür, özünü yandıraraq intihar edir.

Bu hadisəni eşidən Qrisvol komandası ilə birlikdə Əfqanıstana gedir və yanında apardığı fotoqrafın köməyi ilə landaylardan ibarət almanax tərtib edir. Qrisvol deyir ki, almanaxı tərtib edərkən çox çətinlik çəkdik, çünki, biz evlərə girməli, qadınlarla ünsiyyətdə olmalı idik.

Qadınların çoxu şeir yazdığını gizlədirdi, çünki ərləri, yaxud başlarının üzərində namus polisi kimi duran istənilən kişi bu işi yaxşı qəbul eləmirdi. Sual olunur niyə?

Şablon kimi səslənsə də cavab sadədir. Kişilərin əqlən və mənən zəif, fiziki cəhətdən güclü olduğu patriarxal cəmiyyətlərdə erkəklər qadının səsini duymaq istəmir.

Onun səsindən və düşünə bilməsindən qorxur. Öz mənəvi gücsüzlüyünü ört-basdır eləmək üçün, tək düşünən cins olduğunu başqa yolla sübuta yetirə bilmədiyi üçün söz deyən qadını əxlaqsız kimi qələmə verir.

Bunun nəticəsi olaraq istər Qərbdə, istərsə də Şərqdə incəsənətlə məşğul olan qadınlar tarixən əxlaqsız damğası ilə damğalanıblar. Bəzən onlar özləri də bu duruma etiraz etməkdənsə, kimliklərini ifadə etmək üçün başqa yol tapmayıb cəmiyyətin onları gördüyü kimi olublar.

Ayrılıq, bir ocaq qaladın sən də

Aşiqlərin qəlbində və evində

***

Ana, yaxın gəl bura – dustaqxana pəncərələrinə

Dar ağacına getməzdən öncə danış bir az mənimlə

***

Dayandırsın müharibəni, yerlə-yeksan etsin Tanrı Talibanı

Dul qoydu, fahişə etdi bunlar hamısı əfqan qadınlarını.

(Əfqanıstanın qadın şairlərinin şeirlərindən. İngiliscədən tərcümə: Könül Həsənqulu)

Faciəvi şair həyatı yaşamış növbəti qadın Nadia Anjumandır. Nadia 1980-ci ildə Əfqanıstanın Herat şəhərində anadan olmuşdu.

Taliban rejimi qızlara oxumağı qadağan etdikdən sonra Nadia bəzi yaşıdları ilə birgə gizli təhsil birliyinə - Herat Universitetinin professoru Məhəmməd Əli Rəhyabın yaratdığı “Qızıl iynə” tikiş məktəbinə getməyə başlayır.

Əfqanıstanda binası olmayan, çadırda yerləşən qız məktəbi

“Qızıl iynə” məktəbinin tələbələri tikiş tikmək adı altında həftədə 3 dəfə toplanır, Herat Universitetinin professorlarının mühazirələrini dinləyir, ədəbi-bədi oxular təşkil edirdilər. İşin üstü açılsaydı, cəza ağır işgəncədən tutmuş asılmaya qədər gedib çıxa bilərdi, lakin bu, qadınları qorxutmurdu. Adətən, qadınlar dərslərə uşaqları ilə gəlirdilər.

Uşaqlar həyətdə keşik çəkir, şübhəli adam görən kimi qadınlara xəbər verir, onlar da kitabları gizlədib, iynə-sapdan yapışırdılar. Professor Rahyab bununla kifayətlənmirdi, on altı yaşlı Nadia Anjumanı evlərə göndərir, istedadlı qadınları fəaliyyətləri ilə tanış etməyə çalışırdı.

Bu illər ərzində Nadia dayanmadan oxuyur, Şərqin məşhur poetik ruhu ilə tanış olurdu. 6 il sonra Heratda Taliban rejiminə son veriləndə Anjumanın 21 yaşı var idi və o, asanlıqla Universitetə daxil ola bildi. Ədəbiyyat üzrə təhsil alan qız “Gul-e-dodi” adlı ilk şeir kitabını çap etdirdi.

Kitab tezliklə təkcə Əfqanıstanda deyil, Pakistan və İranda da məşhurlaşdı. Nadia Herat Universitetində təhsil alan, sonra isə onun kitabxanasına rəhbərlik edən Farid Ahmad Macidlə ailə qurdu.

2005-ci ildə ailə münaqişəsi zəminində Nadia əri və qaynanası tərəfindən döyülərək qətlə yetirildi. Dostlarının dediyinə görə, ailədə gərginlik Nadianın Ramazan bayramı münasibəti ilə ailəsini ziyarət etmək istəyi səbəbindən yaranmışdı.

Məhkəmə davam edən müddətdə əri Nadianın atasını ölüm hadisəsini intihar kimi qələmə verməyə razı saldı. Guya Nadia zəhər içib ölmüşdü. Halbuki mərhum şairin üzərində qan və zorakılıq izləri aşkarlanmışdı.

Qızın atası bir şərtlə zəhərlənmə diaqnozu ilə razı oldu ki, qızının qatili ən azı beş il həbsxanada qalsın. Lakin məhkəmədən bir ay sonra qatil azadlığa buraxıldı, Nadianın atası isə haqsızlığa dözməyib vəfat etdi.

Qəfəsə atıldım mən bir otağın küncündə

Dünyanın qəm-qüssəsı gəlib-dolub sinəmə

Uça bilmirəm daha, qanadlarım yumulu

Mən əfqan qadınıyam; ağlaram ömür boyu

(Nadia A. İngiliscədən tərcümə: Könül Həsənqulu)

Dostlarının sözlərinə görə, Anjumanın əri və ailəsi qadının şairlik etməsi ilə razılaşa bilmir, bunu nəsilə ayıb sayırdı.

Əri onunla evlənəndə Nadianın kim olduğu, məşğuliyyəti ilə tanış olsa da, sonradan buna qarşı çıxmağa başladı. Səbəblərdən biri onun Nadianın uğurunu qaldıra bilməməsi, həyat yoldaşının mənəvi gücü və iradəsi qarşısında əzilməsi idi.

Ziyalı sayıla biləcək bir gəncin geridüşüncəli cəmiyyət qaydalarına uyub bir zamanlar sevdiyi və işini təqdir etdiyi qadını öldürməsi adamı düşündürməyə bilmir. Bu yerdə mənim yadıma əsərlərini maraqla oxuduğum filosof Erix Frommun sadistlər haqqında fikirləri düşür. Fromm sadistləri oyuncaqlarını qıran uşağa bənzədir.

O deyir ki, bu halda qırmaq, sındırmaq, hətta məhv etmək maraqdan, gücsüzlükdən irəli gəlir. Sadist kişi güclü qadın qarşısında əzilir, eyni zamanda onu anlamaq üçün bütövü bölmək, parçalamaq istəyir. Taliban rejimi altında kişi qüruru zədələnmiş, psixoloji rahatlığıı pozulmuşdu.

O biri tərəfdən də dəyərsiz dəyərlərdən formalaşmış mental qaydalarla yüklənmiş kişi qadınla əməkdaşlıq edə bilmir.

O, şüurlu və şüursuz şəkildə genetik gücünü sübuta yetirmək üçün yollar axtarır, başqa meydan tapmayınca üzləşdiyi haqsızlıqlara qarşı qəzəbini qadının üzünə tüpürür.

Əlində-ovcunda qalan fiziki gücünü zorakılığa çevirib qadınla münasibətinə tətbiq edir. Və bu kimi qadın-kişi münasibəti təkcə Əfqanıstanda deyil, digər cəmiyyətlərdə də izlənir. Əminəm ki, siz belə cəmiyyətlər tanıyırsız. Kişinin qadınla əməkdaşlıq edə bilmədiyi, onu susdurmağa çalışdığı cəmiyyətləri.

Bu yaxınlarda internet TV-lərin birində qadın yazarlarla bağlı bir diskussiyaya dəvətli idim. Müzakirəyə şair şairə Rəbiqə Nazimqızı və bir ədəbiyyat elmləri doktoru da qatılmışdı.

Professor daha öncə də qadın yazarlarla bağlı bir neçə mübahisəli fikir səsləndirmişdi deyə əks tərəf kimi seçilmişdi. Mən verilişə qədər bundan xəbərsiz idim, yoxsa çox güman müzakirəyə qatılmaqdan imtina edəcəkdim.

Çünki qadını kontekstdən çıxarıb dialoq şəklində müzakirə etməyi sevmirəm və rastlaşdığım feminist ruhlu qadınlara da bunu tövsiyə edirəm.

Qadın belə, elə olmalıdır məğzi ilə cümlələr qurmağa xərclədiyiniz enerjini məhz istədiyiniz biri kimi olmağa sərf edin deyirəm. Lakin müzakirə maraqsız keçmədi.

Professor iki qadın yazar qarşısında üz-üzdən utanar fəlsəfəsi ilə daha yumşaq ifadələrdən istifadə elədi, lakin radikal hesab ediləcək iki sözü sona qədər dedi – kişilərlə müqayisədə qadın daha məhdud yazı texnikasına malikdir.

Bunun səbəbini mən “Tarixi kişilər yazıb” yazımda cavablandırmağa çalışmışam.

Digəri isə son ədəbi proseslər zamanı lazım gəldi-gəlmədi qadın şairlərin ədəbi açıq-saçıqlığa yol verməsi fikri oldu. Etiraf etmək lazımdırsa, mən özüm də qadın yazıçı olaraq estetikadan kənar düşmüş ədəbi açıq-saçıqlığı sevmirəm.

Lakin düşünürəm ki, başqaları yox, məhz ədəbi prosesləri, insanı və onun psixologiyasını dərindən öyrəndiyini deyən professorlar qınağa, söz hücumuna keçməzdən qabaq tarixi, sosial-iqtisadi ortamı araşdırmalıdır. Hər hansı bir ədəbi nümunə, incəsənət əsəri, istənilən yaradıcılıq məhsulu tarixin diktəsi, müəllifin məruz qaldığı təsirin nəticəsidir. Bəzi xəstəliklər müxtəlif dövrlərdə ədəbiyyata mövzu olub.

Məsələn, müəyyən bir dövrə aid ədəbi əsərlərdə adamlar podaqradan, başqa bir vaxt taundan, iyirminci əsrin əvvəllərində isə qadınlar isteriyadan əziyyət çəkib. Freyd və freydistlər isteriyanın təhlilinə girişib.

Mütəxəssislər deyir ki, iyirminci əsrdə dünyanın görkəmi və dinamikası kəskin dəyişdiyindən qadınlar buna tab gətirə bilmir, kütləvi isteriyadan əziyyət çəkirdilər.

Kişilər öncəki əsrlərdə də evdən kənara çıxmağı, müəyyən fərqli situasiyalarla artıq tanış olmağa fürsət tapdıqlarından dəyişiklik qarşısında dözümlü davrandılar.

Qadınlar isə radikal dəyişimə hazır deyildilər, bu səbəbdən onlar fiziki və mənəvi cəhətdən əyildilər.

Zaman keçdikcə isə yeniliyə adaptasiya oldular. Bu gün isteriyadan əziyyət çəkən qadın az tapılar. O, yalnız şizofrenik halda təzahür edir ki, bu da kişilərdə də rast gəlinən xəstəlikdir.

Bu analogiya ilə davam etsək, söz deməyə imkan tapmış qadın şairlərin niyə tələsik şəkildə çox şey, hər şey demək istədiklərini də anlamaq mümkündür.

Səbəb Qarabağ müharibəsi və ondan sonrakı durğunluq dövründə qadının səsinin məişət səviyyəsində qısılması, azadlığının əlindən alınması, onun düşünən fərd kimi rolunun yoxa çıxarılması cəhdi ilə bağlı idi.

Zaman keçdi, indi daha qadın şairlərin radikal açıq-saçıqlıq meyli görünmür. Mənim müşahidələrimə görə, onlar daha oturuşmuş şair, daha yetkin kimlikdirlər.

Şairlik həssas insanın - homo sentimentalistin işidir. Mənim inandığım şair (oxucu olaraq çox şairə inanmıram) hiss edən və bundan utanmayan, bunu ləyaqətli iş sayan adamdır.

Milan Kundera

Milan Kundera deyir ki, hamı hiss edir, lakin duyğusal insan duyduqlarını ifadə edir, səsləndirir, öz hisslərini yüksəklərə qaldırır. Hisslərin ləyaqətə çevrilməsi Avropada artıq on ikinci əsrdə baş vermişdi – orta əsr şairləri sevdikləri və əlçatmaz saydıqları qadınları, onlara bəslədikləri sevgini elə tərənnüm edirdilər ki, oxucular da onlardan nümunə götürərək ürəyin qarşısıalınmaz hərəkətinin qurbanı olmağa səy göstərirdilər. Milan Kundera “mən düşünürəm, deməli yaşayıram – diş ağrısına məhəl qoymayan ziyalı cümləsidir” deyir.

Bununla o, Dekartın “mən düşünürəm, deməli mövcudam” fikrinə etirazını bildirir. Mənim bildiyim qədərilə Dekart bu fikri gecəni ucqar bir yerdə qaranlıq otaqda keçirdikdən sonra deyib. Dekart fəlsəfəsi insanın mövcudluğunu sübut etmək üzərində qurulub.

O, qaranlıq və səssiz yerdə oturub vahimələndiyi vaxt zaman və məkan anlayışı əriyib gedib, zülmətin içində özünün var olub-olmamasını sorğulamağa başlayıb. Və birdən düşündüyünü, fikir çək-çevir etdiyini anlayıb. “Mən düşünürəm, deməli mövcudam” fikri məhz o gecə yaranıb.

Əslində, Dekart qorxusunu, vahiməsini də önə çəkə, “mən qorxuram, deməli mövcudam” deyə bilərdi. Lakin o, düşüncəni önə çəkdi. Mənimsə önə çəkmək istədiyim şey düşünmək, hiss etmək və bunları ifadə etmək zərurətinin təbliğidir.

Şair qadın zülmətin içində varlığını yox sayanlara və özünə mövcudluğunu xatırlatmaq istəyən qadındır.

Şair qadın düşünən, hiss edən və bunları səsləndirərək varlığını bəyan etmək istəyəndir. Beləcə, qənaətim eynidir, şeir yazmaq və demək uzun müddət susmaq məcburiyyətində olmaq, birdən dinə bilməkdir. Xeyir yaxın gələcəkdə şər üzərində qələbə qazanacaq qədər güclü görünmür.

Belə olan təqdirdə susmaq məcburiyyəti, birdən dinmək imkanı, şeir demək fürsəti qamarlayanlar – şeir yazanlar və onu dinləyənlər tapılacaq. Çünki biz mövcud olmaq istəyirik.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)