Polis jurnalistlərin piketini dağıtdı

Jurnalistlərin aksiyası, 7 noyabr 2006

Noyabrın 7-də bir qrup jurnalist Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında icazəsiz piket keçirməyə cəhd etdi. Polis aksiyanın baş tutmasına imkan vermədi. Ancaq bununla belə, jurnalistlər «Azad söz!», «Azadlıq!», «Mirzə Sakitə azadlıq!» və sair bu kimi bir sıra şüarlar səsləndirdilər. Polis piketçiləri komitənin qarşısındakı bağdan yaxınlıqdakı Neftçilər Xəstəxanasının binasına tərəf sıxışdırdı, media mənsublarından bir neçə nəfər, o cümlədən, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidov, «Yeni Müsavat» qəzetinin əməkdaşı Rey Kərimoğlu saxlandı.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, polis aksiyaya imkan verməsə də, piketi baş tutmuş hesab etmək olar. O, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetinə qarşı iddiası üzrə mübarizəni bundan sonra da davam etdirəcəklərini bildirdi.


Bu il oktyabrın 13-də Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinin yerləşdiyi Xəqani-33 ünvanından çıxarılmasına dair məhkəmədə iddia qaldırıb. Qurum hesab edir ki, qəzet icarə müqaviləsi olmadan həmin binadan istifadə etməklə dövlətə 30 min yeni manat məbləğində ziyan vurub. «Azadlıq» qəzetindən isə bildirirlər ki, bu bina 1992-ci ldə onlara Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əvəzsiz və müddətsiz istifadəyə verilib. Həmin ünvanda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), «Turan» İnformasiya Agentliyi və daha bir neçə qəzet, hüquq müdafiə təşkilatı da yerləşir.


Oktyabrın 30-da «Azadlıq» blokuna daxil olan siyasi partiyaların altı funksioneri komitənin iddia tələbinə etiraz olaraq aclıq aksiyasına başlayıb.


Noyabrın 2-də isə AXCP mətbuata təzyiqlərə son qoyulması tələbi ilə Prezident Aparatının binası qarşısında icazəsiz piket keçirməyə cəhd edib.