ABŞ-la Ermənistan çərçivə ticarət sazişi imzalayıb

Serzh Sarkisian (ortada), Garegin II Vaşinqtonda ABŞ Konqresinin kitabxanasında, 6 may, 2015-ci il

-

Birləşmiş Ştatlar və Ermənistan ikitərəfli investisiyanın və ticarət münasibətlərinin gücləndirilməsi məqsədilə çərçivə sazişi imzalayıblar. Ermənistan prezidenti Serzh Sarkisian mayın 7-də Vaşinqtonda imzalama mərasiminə qatılıb. Sənədləri Ermənistanın xarici işlər naziri Eduard Nalbandian və ABŞ-ın Avropa və Yaxın Şərq üzrə ticarət nümayəndəsinin köməkçisi Dan Mullaney imzalayıb.

ABŞ rəsmiləri Ermənistanda qüsurlu biznes mühitini investisiyaya əngəl sayırlar. Ermənistan Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyinin üzvüdür.

Ermənistan hökuməti bildirir ki, ötən il Birləşmiş Ştatlarla ticarət 221 milyon dollara bərabər olub. Bu isə Ermənistanın xarici ticarətində 4 faizdən də az yer tutur.

Sarkisian və ABŞ-ın vitse-prezidenti Joe Biden Vaşinqton Milli Kilsəsində bir əsr öncə qətlə yetirilmiş erməniləri yad edib. Ermənistan Osmanlı İmperiyası dönəmində 1.5 milyon erməninin soyqırıma məruz qaldığını bildirir, Türkiyə isə bu iddiaları qəbul etmir.