XİN bəyanat verdi

Dağlıq Qarabağda "parlament seçkiləri"

-

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi mayın 3-də Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatist rejimin “parlamenti”nə qurama “seçki”lərlə bağlı bəyanat yayıb.

XİN bildirir ki, “bu “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz”.

“...Beynəlxalq ictimaiyyət bu qurama “seçki”lərin rədd edilməsində və dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn imperativ normalarının pozulması ilə müşayiət olunaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyəti legitim olaraq tanımamaqda əsaslı şəkildə Azərbaycan Respublikası ilə həmrəy olub,” bəyanatda deyilir.

XİN bu “seçkiləri” təxribat adlandırır və bildirir ki, bununla Ermənistan silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir.

“Ermənistan gərginliyi artırmaq, işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi təlimlər keçirmək, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişmək, iqtisadi və digər fəaliyyətlər, xüsusilə son məqsəd olaraq “fait accompli” vəziyyəti tətbiq etmək üçün erməni əhalisinin bu ərazilərə köçürülməsi vasitəsilə işğal siyasətinin nəticələrini və ilhaqçı niyyətlərini cəmləşdirmək üçün davamlı addımlar atır”.

“Azərbaycan Respublikası ərazilərinin işğalı ilə heç zaman barışmayacağını bir daha vurğulayır. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür”.