Caz- sərhədləri asanlıqla keçən musiqi

Broun Fellinis, caz/hip-hop trio

-

30 aprel Beynəlxalq Caz Günü Bakı Caz Mərkəzində axşam qala konsertlə qeyd olunur. Həmin konsertdə Azərbaycanın məşhur caz ustalarından, saksofonçu Rain Süleymanovun «Azərbaycanda cazın tarixi» kitabının da təqdimatı da keçiriləcək.

CAZI SEVİRİK

Caz Mərkəzinin yaxınlığına yığışmış xeyli gənc axşamkı konsert haqqında danışır. Gənclər deyir ki, bəziləri çoxdan caz musiqisi dinləyir, bəziləri isə yollarını buraya təzə-təzə salır:

«Əvvəlcə dinləmirdim. Dostum dedi ki, gəl bir dəfə Caz Mərkəzinə gedək, xoşuna gələcək. Doğrudan da gözəl musiqidir».

Nicat Sadıxlı o gün- bu gün caz dinləyir.

Rafael Kərimli isə deyir ki, Azərbaycanda caz deyəndə, ilk ağla gələn ad Vaqif Mustafazadədir. Dostları ilə onun əsərlərini saatlarla dinləyir:

«Vaqif Mustafazadənin «Düşüncə», «Mart» əsərlərinə, muğamla-cazın sintezinə qulaq asıram. Adam rahatlaşır. Cazın bir növü var – ona «free jazz» deyirlər. Məncə caz bütövlükdə elə azad musiqidir».

UNUDULMAMIŞ ƏFSANƏ

Caz ustaları Azərbaycan cazını «unudulmamış əfsanə» də adlandırırlar.

Salman Qəmbərovun Bakıda yaratdığı «Bakustik caz» mərkəzi Gürcüstanda, Rusiyada, Almaniyada, İngiltərədə keçirilmiş festivallarda uğurla çıxış edir. O, həm Bakı, həm də xarici auditoriya qarşısında eyni məsuliyyətlə çıxış etdiyini deyir:

«Hər bir layihənin öz musiqi dili var. Mən bəstəkarlığı bitirmişdim. Həmişə caz musiqisini dinləyirdim. Çalişiram ki, həm milli musiqidən, həm avanqard, həm akademik, həm də caz musiqisindən – bütün bunlardan nəyi bilirəmsə, hamısı mənim yaradıcılığımda özünü tapsın».

Rain Sultanovun 1996-cı ildə yaratdığı «Syndicate» qrupu ən məşhur caz qruplarından biri kimi tanınır. Məşhur cazmen Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə dünya şöhrətli caz ustasıdır. Caz ustaları deyir ki, Moskva cazmenləri Şahin Növrəslini «Dünya caz səhnəsinin yeni ulduzu» kimi qiymətləndirirlər.

Gənc caz ifaçılarından olan Ruslan Hüseynov bas gitara və kontrabasda ifa edir. O, gənc caz ustalarının məsuliyyətlə çalışdığını deyir:

«Cazda çərçivə yoxdur, bu musiqi azaddır. Ancaq musiqiçi də o çərçivəni bilməlidir. Maraqlıdır, o çərçivənin içində azadlıq var. Musiqiçi fantaziyasını, biliyini tam şəkildə göstərə bilər. Ancaq başa düşməyən adamlar deyir ki, caz nədir ki. Azadlıqdır, nə istəyirsən çalırsan. Hər musiqinin də, avanqardın da çərçivəsi, qanunları var. Bu qanunları mütləq bilmək lazımdır».

UNESCO-nun baş konfransı Caz Gününü universal azadlıq və yaradıcılıq dili kimi xüsusi rolunun tanınması əlaməti olaraq 2011-ci ilin sonunda elan edib.

«CAZ İNSANLARI BİRLƏŞDİRİR»

«Dünyanın musiqi müxtəlifliyinin böyük hissəsini özündə birləşdirən caz sərhədləri asanlıqla aşıb insanları birləşdirir».

Təşkilatın bu günlə bağlı müraciətində belə deyilir.

İlk Beynəlxalq Caz Günü UNESCO-nun təşəbbüsüylə 2012-ci ildə keçirilib.

Aprelin 30-da Parisdə Beynəlxalq Caz Günündə müxtəlif ölkələrin caz ustalarının çıxışı olacaq. Azərbaycanlı cazmen İsfar Sarabski Parisin beşinci meriyasında və UNESCO-da çıxış edəcək. Etibar Əsədli isə Parisdəki caz klublarının birində tamaşaçıların qarşısına çıxacaq. Onlar həm yerli, həm də Avropa bəstəkarlarının əsərlərini səsləndirəcəklər.

Caz ustaları deyir ki, 2009-cu ildə Bakıda keçirilən birinci Bakı Caz Festivalı ölkədə cazın inkişafında müsbət dönüş yaradıb. 2010-cu ildə keçirilən ikinci Bakı Caz Festivalı (BCF) dünyanın ən irimiqyaslı festivallarından biri kimi yadda qalıb. Festivalda Azərbaycanla yanaşı, əcnəbi caz ifaçıları da iştirak edib.