Ombudsman girovlarla bağlı Avropa Məhkəməsinə müraciət edib

Elmira Süleymanova

Ombudsman Elmira Süleymanova ötən ilin iyulunda Kəlbəcərdə erməni hərbçiləri tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmira Süleymanova müraciətində girovların separatçı Dağlıq Qarabağ rejimi tərəfindən qanunsuz mühakimə edilməsinin əsassız və beynəlxalq hüquqa zidd olduğunu qeyd edir.

Müraciətdə bildirilir ki, girov götürülmüş şəxslər doğma yurdlarına həsrət hissi və valideynlərinin məzarlarını yad etmək üçün gediblər.

Ombudsman həmin şəxslərin cinayət törətmədiyini, girovluqda olduqları müddətdə işgəncə və qeyri-insani rəftara məruz qaldıqlarını, vəkil, gündəlik məlumat və müntəzəm tibbi xidmətlə təmin olunmadıqlarını vurğulayır, bütün bu faktların nəinki beynəlxalq insan haqları, habelə humanitar hüquq normaları və prinsiplərə tamamilə zidd olduğunu bildirir.

Ombudsman bu hüquq pozuntuları ilə Avropa İnsan Hüquqlarına dair Konvensiyasının 3 (işgəncənin qadağan olunması), 5 (azadlıq və təhlükəsizlik hüququ) və 6-cı (ədalətli mühakimə hüququ) maddələrinin kobudcasına pozulduğunu bildirir.

Ombudsman sonda Avropa İnsan Haqları Məhkəməsini Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə işinə ədalətli baxılması vəonların tezliklə girovluqdan azad edilərək, Azərbaycan tərəfinə qaytarılması barədə qərar qəbul etməyə çağırıb.