Poroshenko: “İstənilən vaxt müharibə başlaya bilər”

Foto arxiv

“Ukraynanın şərqində istənilən vaxt müharibə başlaya bilər”.

Bunu Ukrayna prezidenti Petro Poroshenko Ukraynaya dəstəklə bağlı Kiyevdə keçirilən beynəlxalq toplantıda deyib.

Poroshenko qeyd edib ki, bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişi yerinə yetirilməlidir, Donbasdakı vəziyyətin dinc həllinə isə yalnız xarici tərəfdaşların vahid mövqei ilə nail olmaq mümkündür.

Sammitdə beynəlxalq aləm və işgüzar dairələrdən 270-ə yaxın nümayəndə iştirak edir.

Toplantıda əsasən Ukraynada iqtisadi islahatlar aparılması və Donbasda hərbi əməliyyatlar nəticəsində zərər dəymiş ərazilərin bərpası müzakirə olunur.

Bu ilin fevralından Ukraynanın şərqində atəşkəs rejimi elan edilib.

Amma tərəflər vaxtaşırı bir-birini atəşkəs rejimini pozmaqda ittiham edir.

Ukrayna hərbçilərinin sözlərinə görə, separatçılar son günlər Ukrayna ordusunun mövqelərini 20-dəfədən çox atəşə tutublar.

Öz növbəsindeə rusiyapərəst separatçılar mövqelərinin qarşı tərəfdən azı 40 dəfə atəşə tutulduğunu deyirlər.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir.