I Avropa Oyunlarının məşəli alovlandırılıb

Prezident Əliyev məşəli alovlandırır

-

Aprelin 26-da Bakıda I Avropa Oyunlarının məşəli alovlandırılıb.

APA informasiya agentliyinin xəbərinə görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey iştirak ediblər.

Azərbaycan prezidenti İlham Əliyev və Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey mərasimdə çıxış ediblər.

Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey-nin müşayiəti ilə Oyunların məşəlini alovlandırıb.

Dövlət başçısı məşəli “Bakı-2015” Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verib.

Məşəl iyunun 6-na qədər Azərbaycanın 15 bölgəsindən keçəcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub, hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Məşəl Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.

İlk Avropa Oyunlarının məşəl və çırağını “Sidney-2000”, “Afina-2004” Olimpiya Oyunları və “Doha-2006” Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb.