Medvedev:"xarici təzyiqlər və neftin ucuzlaşması iqtisadi vəziyyəti daha da pisləşdirə bilər"

Dmitry Medvedev

“Əgər Rusiyaya qarşı xarici təzyiqlər güclənsə və neftin qiyməti uzun müddət aşağı həddə qalsa ölkədə iqtisadi vəziyyət daha da pisləşə bilər”.

Bunu Rusiyanın baş naziri Dimitry Medvedev aprelin 21-də parlamentə illik hesabatında deyib.

O qeyd edib ki, 2015-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında artıq 2 faiz geriləmə olub.

Medvedev qeyd edib ki, əgər vəziyyət pisləşsə Rusiya başqa iqtisadi reallığa uyğunlaşmalı olacaq.

Medvedev bildirib ki, Qərbin sanksiyalarına görə, Rusiya iqtisadiyyatı ötən il 25 milyard avro itirib və itkilər bu il bir neçə dəfə artıq ola bilər.

Dünya Bankı aprelin 1-də bəyan edib ki, Rusiya iqtisadiyyatı bu il ağır iqtisadi tənəzzül dövrünü yaşayır və dünya bazarında neftin düşməsi və Rusiyaya qarşı beynəlxalq sanksiyalara görə ölkədə 3,8 faiz iqtisadi geriləmə var.