Putin deyir ki, sanksiyalar Rusiyanın inkişafına aparacaq

Vladimir Putin

-

Rusiya prezidenti Vladimir Putin aprelin 16-da canlı yayımla vətəndaşların suallarını cavablandırır.

Prezidentə 2.2 milyondan çox sual və müraciət daxil olub.

Putin-ə ilk suallardan biri Qərbin Ukrayna böhranına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı olub.

Putin bildirib ki, hazırda sanksiyaların aradan qaldırılmasını ehtimal etmək olmaz. Çünki bu siyasi xarakterli məsələ, Rusiyanın inkişafını saxlamaq üçün onun bir sıra tərəfdaşları üçün strateji məsələdir:

«Sanksiyaların indi aradan qaldırılmasını ehtimal etmək olmaz. Çünki bu, tam siyasi xarakterli məsələ, hesab edirəm ki, Rusiya ilə münasibətlərdə bizim inkişafımızı əngəlləmək üçün bir sıra tərəfdaşlarımız üçün strateji məsələdir. Yeri gəlmişkən, mənə elə gəlir ki, bu artıq birbaşa Ukraynadakı hadisələrə aid deyil. Çünki indi Minsk razılaşmasını yerinə yetirmək lazımdır və biz bunun üçün hər şeyi edirik, amma Kiyev hakimiyyəti buna tələsmir, bizə qarşı sanksiyalar isə qalır».

Putin həmçinin qeyd edib ki, Rusiya iqtisadi sahədə yeni uğurlar qazanmaq, yeni inkişaf həddinə çıxmaq üçün indiki vəziyyət, sanksiyalardan istifadə etməlidir. Putin deyir ki, bu, ölkədə yüksək texnologiyalı iqtisadi sahələrin inkişafına gətirəcək.

Putin etiraf edib ki, Rusiya hazırda bir sıra xarici məhdudiyyətlərlə üzləşib və bu müəyyən mənada ölkənin inkişafına təsir göstərib. Amma ümumilikdə rubl möhkəmlənir, qiymətli kağızlar bazarı artır.