Moskvada mayın 1-də millətçilər nümayiş keçirəcək

Moskvada millətçilərin yürüşü (arxiv fotosu)

-

Moskvada millətçilər mayın 1-də nümayiş keçirmək üçün meriyaya müraciət edib. Bu barədə “İnterfak”sa “Ruslar” birliyinin lideri Dmitriy Demushkin məlumat verib.

Onun sözlərinə görə, təşkilatçılar aksiyanı Moskvanın şimal-qərbində iki formatda keçirməyi düşünür. Yürüşdə 2-4 min adamın iştirakı planlaşdırılır.

Əsas şüar “Rus xalqının və Rusiyanın yerli xalqlarının hüquq və azadlığı uğrunda” olacaq. Demushkin deyib ki, bu dəfə təşkilatçılar təxribatçılar və radikallarla fəal mübarizə aparacaq ki, “birliyin və onun liderlərinin təqibinə imkan verilməsin”.

Martın sonunda təşkilat rəhbərlərinin mənzillərində axtarış aparılıb. Bu, ötən ilin noyabrında keçirilmiş “Rus marşı” ilə bağlı olub. Milli ayrı-seçkiliyin qızışdırılması üzrə istintaq aparılıb. İstintaq materialında deyilir ki, aksiya iştirakçıları müsəlmanlara qarşı nifrət oyadan şüarlar səsləndiriblər.