Lukoyl İrandakı ofisini yenidən açır

Foto arxiv

Rusiyanın Lukoyl şirkəti İrandakı ofisini bərpa edib.

Bunu şirkətin vitse-prezidenti Ravil Maganov aprelin 15-də bəyan edib.

O bildirib ki, İrana qarşı sanksiyalar tamamilə qaldırıldıqdan sonra, biz bu ölkədəki layihələrdə iştirakı səbirsizliklə gözləyirik.

O qeyd edib ki, şirkətin əsas diqqəti Anaran layihəsinə yönəlib, amma biz digər layihələri də araşdıracağıq.

Lukoy və Norveçin Statolil şirkəti 2003-cü ildən bu yataqda işə başlamışdılar.

Amma İrana qarşı beynəlxalq iqtisadi sanksiyalara görə, 2011-ci ildə fəaliyyətlərini dayandırmalı oldular.

İraqla sərhəd zonasında yerləşən bu yataqda təxminən 2 milyard barel neft ehtiyatı var.

Aprelin 2-də İsveçrədə İranın nüvə proqramı ilə bağlı Tehran və 6 dünya ölkəsi arasında çərçivə sazişi imzalanıb.

Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğvindən gedir.

Tərəflər iyunda yekun razılaşma əldə etmək qərarına gəliblər.

İranla danışıqlarda ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.