SOCAR 350 milyon avroluq müqavilə bağladı

SOCAR

-

Aprelin 15-də İtaliyanın «Maire Tecnimont S.p.A.» Mühəndislik Şirkətlər Qrupu ilə «SOCAR Polymer» MMC arasında 350 milyon avroluq müqavilə imzalanıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) saytında verilən məlumata görə, tərəflər Sumqayıt Kimya Sənaye ParkındaPolipropilen zavodunun tikilməsini razılaşdırıblar.

Layihə çərçivəsində mühəndislik, təchizat, quraşdırma və tikinti işlərinin görülməsi nəzərdə tutulur. İllik gücü 180 min ton təşkil edəcək. Polipropilen zavodu mövcud naftanın krekinqi nəticəsində alınan propilenin xammal kimi istifadə edilməsinə imkan verəcək.

ARDNŞ bu müəssisənin Azərbaycanda ilk polipropilen zavodu olduğunu vurğulayır.

«Polipropilen - qablaşdırma, tekstil, dəftərxana ləvazimatı, avtomobil komponentləri, elektron və elektrik texnikası üçün istifadə olunan əsas məhsuldur. Hazırda Azərbaycan polipropilen və yüksək sıxlıqlı polietileni xarici ölkələrdən idxal edir. «SOCAR Polymer» layihəsinin həyata keçirilməsi bu vacib məhsulun ölkəmizdə istehsal olunmasına imkan yaradacaq», - qurumun məlumatında bildirilir.

«SOCAR Polymer» MMC-nin təsisçiləri ARDNŞ, «Paşa Holding», «Azersun Holding» və «Gilan Holding»dir.

Jurnalist araşdırmaları zamanı «Paşa» və «Azersun» holdinqlərinin Azərbaycan prezidentinin ailəsinə və yaxınlarına məxsus olduğu aşkara çıxıb. «Gilan Holding» isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsusdur.