Avropa Oyunlarına 1300-dən çox jurnalist gəlmək istəyir

Bakı Olimpiya Kəndi

-

Bakı 2015 elan edib ki, iyunda keçiriləcək ilk Avropa Oyunlarını işıqlandırmaq üçün 1300-dən çox jurnalist ərizə verib. Bu barədə “İnside the Games” saytı məlumat yayıb.

Bu ərizə sayına yayımçılar daxil deyil. Sayt qeyd edir ki, bu qədər müraciət əvvəl qeydə alınmayıb və yaxın həftələrdə ərizələrə baxılacaq.

“Bu reaksiya heyrət doğurur və ilk Avropa Oyunlarının son 50 ildə qlobal idman təqvimində ən həyəcanlı və mühüm hadisələrdən olduğunu göstərir,” Bakı 2015-in icraçı direktoru Simon Clegg deyib.

Onun sözlərinə görə, akkreditasiya sistemi Beynəlxalq Olimpiya Komitəsinin müəyyənləşdirdiyi, Avropa Olimpiya Komitələrinin qəbul etdiyi qaydalara uyğun həyata keçiriləcək.

Clegg-in sözlərinə görə, bütün akkreditələr Azərbaycana viza rolunu oynayacaq, açılış mərasimindən 30 gün əvvəl və bağlanış mərasimindən 60 gün sonra ölkədə qalmağa icazə verəcək.

Ötən ay Bakı 2015, yüksək marağı nəzərə alaraq akkreditə müraciətləri üçün son tarixi aprelin 3-dək uzadıb.

Mətbuat təmsilçilərinə məsləhət görülür ki, yeni tikilmiş Media Kəndində yer götürsünlər, çünki yerlərin sayı məhduddur.

Səhər yeməyi daxil olmaqla birnəfərlik otaqların bir gecəlik qiyməti 50 avro (£36/$54), iki nəfərlik otaqlar isə 65 avrodur (£47/$71).

Media Kəndi Atletlər Kəndi ilə yanaşıdır. Binalar Koroğlu metrostansiyası yaxınlığında, nəqliyyatın sıx olduğu yerdədir.