-
Martın 11-də Azərbaycan milli kino və teatr səhnəsində təkrarolunmaz obrazlar yaratmış görkəmli sənətkar, Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasından 90 il ötür.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, martın 11-də nazir müavini Ədalət Vəliyev, mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət ediblər.
Ədalət Vəliyev Bəşir Səfəroğlunun 90 illik yubileyi ilə bağlı bir sıra tədbirlərin planlaşdırıldığını diqqətə çatdırıb, görkəmli aktyorun sənətinin bu gün də yaşadığını, onun yadigarı Afaq Bəşirqızının atasının sənət yolunu şərəflə davam etdirdiyini vurğulayıb.
Çıxışlardan sonra Afaq Bəşirqızı atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə dərin minnətdarlığını bildirib: "Bəşir Səfəroğlu Tanrının ona verdiyi böyük istedadla, yaratdığı obrazları ilə daim yaşayacaq. O, 44 yaşında dünyadan getdi, amma indi onun 90 yaşını qeyd edirik. Bəşir Səfəroğlu mənim üçün həmişə gəncdir və bu həmişə belə qalacaq".
Sonda böyük aktyorun xatirəsi alqışlarla yad olunub.