Obama:" Razılıq olsa Tehran nüvə proqramını azı 10 il dondurmalıdır"

Barack Obama

“Əgər İranın nüvə proqramı ilə bağlı razılıq əldə edilsə Tehran nüvə proqramının azı 10 il dondurulmasına razılıq verməlidir”.

Bunu ABŞ prezidenti Barack Obama martın 2-də Reuters agentliyinə deyib.

İran və 6 dünya ölkəsi arasında aparılan danışıqlarda İranın nüvə proqramı üzərində işi məhdudlaşdırması və əvəzində ona qarşı sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutulur.

İsrailin baş naziri Benjamin Netanyahunun martın 3-də ABŞ Konqresində bu razılaşmaya qarşı çıxacağı gözlənilir.

O martın 2-də bir daha İranın nüvə proqramının İsrailə qarşı təhlükə olduğunu deyib.

Amma Obama Netanyahunun ötən il İranla ilkin razılaşmaya qarşı çıxmasını səhv hesab edir.

Obama qeyd edib ki, İra həmin dövrdə nüvə proqramını inkişaf etdirməyib.

İranla danışıqlarda ABŞ,Rusiya,Çin,Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.

Qərb hesab edir ki, Tehran gizlicə nüvə proqramı üzərində işləyir.

Tehran ittihamı rədd edir.