AXCP kütləvi aksiyalara başlayacaq

Əli Kərimlinin mətbuat konfransı, 25 oktyabr 2006

Son aylar azad mətbuata təzyiqlərin artdığını hesab edən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) kütləvi etiraz aksiyalarına başlayır. Partiyanın sədri Əli Kərimli oktyabrın 25-də jurnalistlərlə görüşündə bildirdi ki, onlar kütləvi aclıq aksiyası kampaniyasına və Prezident Aparatının binası qarşısında silsilə piketlər keçirmək qərarına gəliblər. Onun bildirdiyinə görə, AXCP-nin də daxil olduğu «Azadlıq» blokunda təmsil olunan daha üç partiya da bu qərarı dəstəkləyəcək: «Aksiyaların keçirilmə tarixi və müddəti haqqında isə partiyanın oktyabrın 26-da keçirilən ümumBakı konfransında qərar veriləcək».

Son bir neçə ayda «24 Saat» və «Realnıy Azərbaydjan» qəzetlərinin redaktorları ayrı-ayrı məhkəmələr tərəfindən şərti cəza alıblar. Haqqında 1 il həbs cəzası çıxarılmış «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli və həbs olunmuş başqa bir jurnalist Samir Adıgözəlli isə son əfv fərmanı ilə azadlığa çıxıb. «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.