Ukrayna ordusu deyir ki, atəş dayandırılmayınca ağır silahlar çıxarılmayacaq

Foto arxiv

Ukrayna ordusunun nümayəndəsi bildirib ki, rusiyapərəst separatçılar atəşkəsə tam əməl etməyincə, ağır silahları cəbhə xəttindən geri çəkməyəcəklər.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər fevralın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları cəbhə xəttindən çıxarmalı idi.

Ukrayna ordusunun sözçüsü Anatoly Stelmakh fevralın 23-də bildirib ki, separatçıların Debaltseve şəhərini ələ keçirməsindən sonra hərbi əməliyyatlar azalsa da yaraqlılar ötən gecə hökumət qüvvələrinin mövqelərini 2 dəfə atəşə tutublar.

Ordunun digər sözçüsü Vladyslav Seleznyov isə bildirib ki, Ukrayna ordusunun mövqeləri atəşə tutulduğuna görə, silahların çıxarılmasından söhbət də gedə bilməz.

O qeyd edib ki, silahların çıxarılmasına atəş dayandırıldıqdan sonra başlana bilər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 5 mindən çox adam ölüb.